Aktual / Xəbəriniz olsun!

Azərbaycanın ən məşhur cütlüyü və xiffətə çevrilən məhəbbət - "Düz 100 gün bu xəbəri ondan gizlədik"

Banu. | 29-02-2020, 06:00
1 405 0
Qadın dünyanın sevgi qaynağıdır. Bir ovuc qəlbində kainat boyda yük daşıyacaq qədər cəsur, saf məhəbbəti ilə buz ürəkləri əridəcək qədər mərhəmətlidir. Bəzən bahar mehi qədər xəfif, bəzən ləpələri sahilə çırpılan dəniz qədər təlatümlüdür qadın. O yaradanın yer üzündəki nəfəsidir. Çünki özü də yaradandır. Əsərləri dünyaya gətirdiyi övladları deyil yalnız. Can verdiyi musiqilərdə, şeirlərdə, rəsmlərdə yaşayır qadın.
Sevimli şairəmiz Nigar Rəfibəyli kimi... Nigar xanım ziyalı, istedadlı Azərbaycan xanımının parlaq nümunəsidir. Onun kövrək şair qəlbinin nisgili, fərəhi, sonsuz ümidləri inci kimi düzülən misralarında gizlənir.


Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olub. Atası Xudadat bəy Rəfibəyov Avropada oxumuş Azərbaycanın ilk ali təhsilli cərrahı idi.
1919-cu ildə Xudadat bəy Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərliyinin təklifi ilə Gəncə quberniyasının valisi vəzifəsini qəbul edir. Bir il bu vəzifəni layiqincə yerinə yetirir. Azərbaycanın zorla şuralaşdırıldığı günlərdə isə Gəncədə hakimiyyəti ələ keçirən daşnaklar Xudadat bəyi həbs edirlər. Xudadat bəy tələm-tələsik Bakıya göndərilir və Nargin adasında güllələnir.
İbtidai təhsilini Gəncədə tamamladıqdan sonra Nigar xanım Bakı Pedaqoji Texnikumunda qəbul olunur. Əmək fəaliyyətinə də müəllimliklə başlayır. Nigar Rəfibəyli pedoqoji fəaliyyətilə bərabər, bədii yaradıcılıqla da məşğul olur. İlk şeirləri də elə bu vaxtlar çap olunur. Qələmə aldığı ilk şeiri "Çadra" 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilir.
Beləcə yaradıcılıq yolunun enişli-yoxuşlu yollarına qədəm qoyan Nigar Rəfibəyli xidmətlərinə görə “Şöhrət” nişanı ordeni və digər medallarla təltif olunub. O, Azərbaycanın xalq şairi, tərcüməçi, əməkdar mədəniyyət işçisi kimi də tarixdə iz qoyub.
Gözəl şairimiz, XX əsr ədəbiyyatımızın zərif qadın nəfəsi Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 10-da Bakıda vəfat edib. Onun məzarı II Fəxri Xiyabandadır. Hazırda Bakı küçələrindən biri Nigar Rəfibəylinin adını daşıyır.
Bahar nəğmələri kimi yaşıl, rəngarəng çiçəklər qədər kövrək Nigar Rəfibəyli yaradıcılığına Nizami adına Ədəbiyyat institutunun aparıcı elmi işçisi Safura Quliyeva ilə nəzər saldıiq.
- Safura xanım, zaman və məkan hüdudlarını aşan Nigar Rəfibəyli poeziyasından danışa bilərsinizmi bizə?
- Nigar xanım adi insani duyğuları bədiiləşdirib, mənəvi, əxlaqi kamilliyi sayəsində həqiqi sənət əsərləri hasil edib. Onun poeziyası zərif həssas təbiəti, lirik məni, incə bəddi estetik zövqünə görə oxunaqlıdır. O, əsərlərində adi məişət qayğılarından tutmuş, bəşər cəmiyyətinin aktual problemlərinədək təsvir edib. Lirik şeirlərində mehriban və qayğılı ana, ziyalı Azərbaycan qadınının duyğu və düşüncələri öz əksini tapır. O, hər zaman dövrünün bədii yaradıcılığı üçün səciyyəvi olan pafoslu, təntənənəli təsvir vasitələrindən yan qaçıb. Sosial problemləri mülayim, mehriban, həssas dillə kağıza köçürürdü.
- Bildiyim qədərilə onun şairliklə yanaşı, tərcüməçilik fəaliyyəti də zəngin olub.
- Doğrudur, o, Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”sını, Fridrix Şillerin, Anton Çexovun, Voyniçin, Puşkinin, Lermontovun və digər dünya klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bundan əlavə, öz əsərləri də digər dillərə çevrilib.
- Nigar xanım incə ana qəlbi ilə bütün uşaqları sevirdi. Onun yaradıcılığında milli uşaq ədəbiyyatımızı zənginləşdirən onlarla şeir nümunəsi var.
- Bəli, Nigar xanımın uşaq şeirlərindən ibarət 4 kitabı var. O ümumiyyətlə hadisələrə incə ana qəlbi ilə yanaşırdı. Bir misal çəkim. “İnsan balaları” şeirində gözəl şairimiz uşaqlara belə müraciət edir:
Balaca balalar, insanların balaları,
Yer üzünün bütün nemətlərini sizə paylaya biləydim,
Havanı, suyu, Günəşi sizə verə biləydim,
İsti otaqlardakı gur işıqları, ocaqlarda yana atəşi sizə verə biləydim,
Sizin yalın ayaqlarınızı, üşüyən əllərinizi ürəyimin hərarətilə qızdıra biləydim,
Zamanın əli ilə sizə, yer üzündəki bütün insan balalarına
Əbədi səadət fərmanı yazdıra biləydim.
“Qaçaq Nəbi, “Kəndli və qurd”, “Məstanın balaları” və s. uşaq dünyasını əhatə edən maraqlı hadisələr səmimi, yumşaq dillə qələmə alınıb. Onun bu əsərlərini oxuduqca anlayırıq ki, qadının bütün vəzifələrindən öndə analıq durur.
- Bu şeirlər ziyalı bir qadının analıq duyğularını ifadə edir.
- Əlbəttə, “Ana səsi”, “Oğlumdan ayrılan gecə”, “Qızıma”, “Layla” və digər şeirlərində sanki körpələrə olan məhəbbətinin ən təsirli cəhətlərini misradan misraya daşıyır sevimli şairimiz. Bu əsərlərdə analar son bahara, övladları isə səhərə, günəşə təşbeh edilir. Görkəmli yazıçımız Anar bəyin “Atamın yazdığı hər şeir, mənim qələmə aldığım hər hekayə anamın yazmadığı bir şeir, yaxud hekayədir” fikrini xatırladım nədənsə. Çünki məhz bu cümlə də övlad məhəbbətinin təsdiqidir.
- Madam ki, bu mövzuya toxunduq, gəlin Rəsul Rza ilə Nigar xanımın fədakar məhəbbətindən, gözəl ailəsindən də bəhs edək.
- Nigar xanımın görkəmli şairimiz Rəsul bəylə dərin məhəbbəti, yarım əsrlik xoşbəxt ailə həyatı, 3 gözəl övladı, məhəbbəti poeziyasının ideoloji axarında özünəxas yer tutur. Həyat yoldaşına olan dərin məhəbbəti onun əsərlərində öz əksini tapır. Bu misraların zənginliyinə fikir verin:
Bir son bahar da düşdü ömrümün təqvimindən,
Nə sənə məhəbbətim, nə həsrətim azaldı.


XX əsr Azərbaycanın iki görkəmli siması, miylonların həsəd apardığı, eşqləri dillərə dastan olan Nigar xanımla Rəsul bəyi bir daha yad etmək üçün bu məhəbbətin şah əsəri, yazıçı Anara müraciət etdik:
- Mən durduqca Onlar da dururlar. Bunu dost da bilir, düşmən də. Mən yaşadıqca Onlar da yaşayırlar. Buna sevinən də var, təəssüflənən də... "Göz yaddaşımda" - işıqlı çöhrələri, üzlərinin yüz ifadəsi, sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti... "Qulaq yaddaşımda" - səsləri, sözləri, sətirləri, danışıq ədaları, ləhcə xüsusiyyətləri, Göyçayın və Gəncənin dialekt, şivə kəlmələri... "Beyin yaddaşımda" - fikirləri, amalları, inamları, aldanışları, "Qəlb yaddaşımda" - ümidləri, nisgilləri, sevgiləri... 1981-ci ildə yüz gün ərzində dünyada ən əziz iki insanımı itirdim. Aprelin 1-də dünyanın yalan günündə, şux zarafatlar günündə atam vəfat etdi və indiyəcən bu həqiqətin gerçəkliyinə inana bilmirəm. İyunun 10-da anam öldü. İkisi də gözümün önündə can verdilər. Atam yarım saatın içində keçindi. Aprelin 3-də onu torpağa tapşırdıq. Dəfn gününün sabahısı, ayın 4-də Moskvadan gələn həkimlər anamın son diaqnozunu dedilər: ümidsizdir, möhləti bir həftədən bir aya qədərdir. O, bu hökm verilən saatdan sonra 3 ay 6 gün yaşadı. Atam anamın nicatsız xəstəliyindən xəbərsiz getdi. Anam atamın vəfatını bilmədi. Düz 100 gün bu xəbəri ondan gizlədik. Daha doğrusu 98 gün. Son 2 gün huşu özündə deyildi, heç nəyi dərk etmirdi.
- Nigar xanım Rəsul bəyin vəfatından xəbər tutsaydı, yəqin ki, sevən qəlbi daha da tez solardı...
- Mən təsəvvür edə bilərəm ki, anam atamı itirsəydi (daha doğrusu, itirdiyini bilsəydi, çünki itirdi - bilmədi), bu itkinin, bu müsibətin iztirabını mətanətlə çəkə bilərdi, bir müddət dünyada Rəsulsuz yaşamağa bəlkə də gücü, iradəsi, dözümü çatardı. Atam isə Nigarı itirsəydi, bir gün, bir saat da yaşaya bilməzdi. Həyat bunu təsdiq etdi. Daha doğrusu, ölüm bunu təsdiq etdi. Atamın ölümü. - Hər halda dəfnə qədər bilməsin, - dedik, - sonrasına baxarıq. Əgər yanına gedib-gəlməsəydik, şübhələnəcəkdi. Ömrümüzün bu çətin çağında bacılarım dözüm və rəşadət örnəyi oldular. Mən bir daha əmin oldum ki, qadınlar kişilərə nisbətən daha böyük iradəyə, gücə, səbrə malikdirlər. Həm də onlar - anasının qızları idi, ən ağır dəqiqələrdə təmkinlərini saxlamağı bacarırdılar. Atamın ölümündən elə bircə gün sonra matəm izlərini silib-təmizləyib, dodaqları təbəssümlü anamın palatasına girə bildilər, ona "atamdan salam" yetirdilər, mənim gəlməməyimin səbəbləri barəsində nə isə bir əfsanə uydurdular.
Bəlkə tez gələsən, əlac verəsən,
Sünbüllərin saçın yığıb hörəsən.
Əlvan çiçəkləri özün dərəsən
Gözləri yollarda qalır, neyləyim!
Çox vaxt deyirlər ki, Nigar xanım bu şeiri Rəsul bəyin vəfatından sonra yazıb. Nə dərəcədə doğrudur bu fikir?
- Atamın vəfatından sonra, bir gün Emin mənə dedi ki, Nigar xalanın sözlərinə təzə bir mahnı bəstələmişəm. Amma sən verən mətnlərdən deyil, köhnə bir şeridir. Həmin mahnını Akif İslamzadənin ifasında lentə yazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanaya gətirdik. "Qoy Nigar xala özü də eşitsin", - dedi. Mən mahnının hansı şerə bəstələndiyini bilmirdim və təəccüblənirdim ki, görən niyə Emin əlində təzə mətnlər ola-ola köhnə şerə müraciət edib. Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm.
Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim!
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim!
Məhz bu sözlər - artıq dünyadan köçmüş insanı haraylaması - bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam bilmirdi tək.


Nigar xanımın dəyərli misraları həm də bəstələrdə yaşayır. Azərbaycan musiqisinin əvəzsiz simaları Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Polad Bülbüloğlu və digər bəstəkarlarımız onun əsərlərinə müraciət ediblər. Sevimli bəstəkarımız Emin Sabitoğlu da Nigar xanımın 4 şeirinə musiqi bəstələyib. “Aman ayrılıq”, “Güllərim”, “Dağları duman alanda” və “Ala gözlüm” əsərləri Nigar Rəfibəyli və Emin Sabitoğlu yaradıcılığının vəhdətinin təzahürüdür. Bu kompozisiyalar içərisində “Ala gözlüm” mahnısın xüsusi yeri var.
Müsahibimiz mərhum bəstəkarımızın qızı, musiqişünas Ceyran Mahmudovadır.
- Ceyran xanım, yaxınlarda sosial hesabımda “Ala gözlüm” mahnısını paylaşmışdım. Bir neçə saat sonra ziyalı bir fransız rəfiqəm mənə zəng edib, kövrək səslə “Bu nə gözəl musiqidir, sözlərlə bəstə bir-birini elə tamamlayır ki, dilinizi bilməyə belə gərək qalmır. Sanki hər kəliməni anlayıram. Bir daha başa düşdüm ki, musiqinin dili, dini yoxdur” - dedi. Azərbaycan haqda belə gözəl təəssürat yaradan bu möhtəşəm bəstənin müəllifi atanızdır.
- Bəli, atamın bu bəstəsi digər əsərləri kimi çox sevilir. Özü də qeyd etdiyiniz kimi tək Azərbaycanda deyil, ölkəmizin hüdudları xaricində də. Babam Sabit Rəhmanla Rəsul Rza ailəvi dost idilər. Onların doğma münasibətlərinin yaşı çoxdur. “Ala gözlüm” əsəri Nigar xanımın həyatının son aylarında ərsəyə gəlib. Bu mahnı Türkiyədə çox sevilir. Sadəcə məni narahat edən bir məqam var. Türkiyədə bu əsər bir sıra məşhur mahnılarımız kimi “anonim” imza ilə tanınır. Bu atamı da çox üzürdü. Lakin qalmaqaldan uzaq ailə olduğumuz üçün heç vaxt məsələnin dərininə getməmişik.


“Ala gözlüm" əsərinin ilk və bənzərsiz ifasının sahibi Akif İslamzadə də təəssüratlarını  bölüşdü.
- Əsərin ilk ifaçısı mənəm. Nigar xanım xəstə yatağında olanda Emin Sabitoğlu onun könlünü almaq üçün bu şeirə mahnı bəstələyir. Əsər hazır olandan sonra ifa etmək mənə təklif olundu, məmnuniyyətlə razılaşdım. “Ala gözlüm”ün xeyli yaşı var, lakin hələ də sevilir və unudulmur.
Türkiyədə yaşayan həmvətənimiz, görkəmli balaban ustası Əlixan Səmədovun instrumental ifası da dinləyicilər və musiqiçilər tərəfindən yüksək dəyərləndirilir.
Əlixan bəy, sizin ifanızda bu əsər insanı lap uzaqlara aparır. Sankı Nigar və Rəsul məhəbbətinin canlı şahidisiniz.
- Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr edib. Amma Rəsul Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən səfərdən - Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə bil ki, şeirdir.


"Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol! Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtanalardan qorusun. Vəfa və sədaqətin qarşısında baş əyirəm".
Mən hər zaman bu iki böyük şəxsiyyətin məhəbbətinə dərin rəğbətlə yanaşmışam. Mahnını ifa edərkən də sanki sözləri qəlbimdə söyləyirəm.
- Türkiyədə tez-tez ifa edirsiniz əsəri?
- “Ala gözlüm” hələ Sovet zamanından Türkiyədə sevilir. Bunu Türkiyədə yaşayarkən öyrəndim. Və harda konsertim olsa, mütləq bu mahnını da repertuarıma müəllif hüquqlarını qorumaq şərtilə daxil edirəm.


Əsərin unudulmaz ifaçılarından biri də mərhum sənətkarımız Elçin Cəlilovdur. Gözəl xanəndənin həzin və qəlbəyatımlı ifasını, xoş avazını Emin Sabitoğlu da çox sevirdi.
Son günlər sosial şəbəkələrdə məşhurlaşıb, “O səs Türkiyə” müsabiqəsinə qatılan Pərvin Səfərov da bu əsəri özünəxas şəkildə oxuyub, hesabında paylaşmışdı. Pərvinin ifası qısa müddətdə böyük auditoriyanın rəğbətini qazandı.


- Mən bu mahnını çox sevirəm. Ta məktəb illərindən də sevə-sevə dinləyərdim. Çox vaxt da təklikdə özüm üçün ifa edərdim. İfamı telefonla videoya çəkib, paylaşdım düzdür, amma özümün xoşuma gəlmədi. Çünki o ərəfədə xəstə idim, daha da yaxşı oxuya bilərdim, amma izləyənlərin hamısı sevdi. Çox gözəl, duygulu əsərdi həqiqətən, bütün ölkələrdən dinləyib sevirlər.
Və son zamanlar gündəm olandan sonra bu mahnını ifa etməyim üçün mənə həm Azərbaycandan, həm də qardaş ölkə Türkiyədən çox istək gəldi.
- Bəs müsabiqədə ifa etməyi düşnürsünüz?
- Əgər növbəti turlarda seçim azadlığım olsa, əlbəttə ifa edəcəm.


Yüksək intellekti, Avropa xanımlarını xatırladan qüsursuz üz cizgiləri, əsl Şərq qadınına xas incə təbbəssümü ilə ədəbiyyatsevərlərin qəlbində taxt quran Nigar xanım poeziyamıza qəlbinin əlvan palitrası ilə rəngarənglik bəxş edib. Bütün ülvi hisslərini, sədaqətini, məhəbbətini qoruyub saxlayan Azərbaycan qadınları var olduqca, Nigar Rəfibəyli də onların timsalında yaşayacaq.publika.az