Aktual / Xəbəriniz olsun!

Məktəblərdə Son zəng COŞQUSU - FOTO/VİDEO

Banu. | 14-06-2017, 21:49
645 0
Həyəcanlı, narahat, gərgin, sevincli.
Bu gün məktəblə vidalaşan 110 638 şagirdin keçirdiyi hissləri ifadə etmək üçün kəlimələr yetərsiz qalır. Amma bu hisslərini də gizlətməyə çalışmırlar, axı bu gün onların günüdür. Respublika ümumtəhsil məktəblərində bu gün 110 mindən çox şagird üçün zəng sonuncu dəfə çalınacaq.
əməkdaşlar bu anlara şahidlik etmək üçün 244 saylı tam orta məktəbdə olub.
Biz məktəbə çatanda 11-cilər son hazırlıq işlərini görürdülər. Kimi çıxışına hazırlaşır, kimi də sinif yoldaşına arzularını ağ köynəyi üzərinə köçürürdü. Ayaqüstü onlarla söhbət etmək imkanımız oldu.
4-cü ixtisas qrupu üzrə hazırlaşan Ləman İsmayılzadə çox həyəcanlı görünür.
“Bu gün 11 illik məktəb həyatı bitdiyi üçün bir az kədərliyik. Amma sevinc hisslərimiz daha çoxdur. Çunki hər birimizin arzularımız var. Artıq həmin arzulara daha da yaxınlaşırıq. Mənim də ən böyük arzum həkim olmaqdır”, - deyə L.İsmayılzadə hisslərini bizimlə bölüşür.
11c sinfinin məzunu Sabir Mahmudov neçə ildir eyni sinifdə oxuduğu dostlarından ayrılmağın çətin olduğunu deyir: “Hər bir məzuna istəyinə çatmağı arzu edirəm. Özüm də ikinci ixtisas qrupu üzrə hazırlaşıram. Birinci imtahanda nəticəm yaxşı olub, daha da yaxşı olacağına inanıram. Hər bir məzuna tələbə adı qazanmağı arzu edirəm”.
11-ci sinfin sinif rəhbərlərindən Cəmilə Əhmədova isə şagirdlərdən daha həyəcanlı olduğunu deyir. Gah onların geyimlərini səliqəyə salır, gah da son nəsihətlərini verir: “Bu gün onları sonuncu dəfə tədbirə hazırlayıram. Bütün şagirdləri öz övladım qədər sevirəm və hər birinə uğurlar arzu edirəm”.
11b sinfinin sinif rəhbəri Tünzalə Vəliyeva şagirdlərinin məzun olmasının müəllim üçün ən böyük fərəh hissi olduğunu deyir:
“Sinfimizdə 5 nəfər 600-dən yüksək bal toplamağa namizəddir. Qəbul imtahanının birinci mərhələsində əksəriyyəti 500 baldan yüksək nəticə göstəriblər. Onlardan daha böyük uğurlar gözləyirəm. Şagirdlərimizin hamısı mədəni, tərbiyəlidir. Sinif rəhbəri kimi onlardan çox razıyam, bir dəfə də olsun aramızda inciklik olmayıb. Bu gün ən azı onlar qədər həyəcanlıyam. Onlarla o qədər ağlayıb, gülmüşük ki...”.
Söhbətimizin bu yerində tədbirin rəsmi hissəsi başlayır. Himn çalınandan sonra sözə başlayan direktor Yəhya Abbasov bu günün bütün respublikada bayram olduğunu deyir: “Bu gün respublikanın bütün məktəblərində son zəng çalınır. Bütün təhsil işçiləri bu günü bayram kimi qeyd edir. Bu son zəngin hər bir şagirdin həyatında bir dəfə olmasını arzu edirəm.
Ötən il məktəbimizin 135 məzununundan 118 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Onlardan 95 şagirdimiz birinci mərhələdə ali məktəbə qəbul olub, 8 nəfər 600-dən çox bal toplayıb. Hər il məzunlarımızın naliyyətləri bir-birindən uğurlu olur. Bu uğurlarımızın səbəbi məktəbimizin pedaqoji kollektivinin peşəkar olmasıdır. Bu il məktəbimizdə 115 şagird XI, 153 şagird isə IX sinfi bitirir, məzunlarımızın hər birindən uğurlu nəticə gözləyirik. Bu ildən ali məktəblərə qəbul iki mərhələli keçirilir. Artıq məzunlarımız arasında birinci mərhələdə 600-dən çox bal toplayanlar var. Amma buna qane olmurlar. Daha yüksək nəticə göstərmək üçün çalışırlar. Onlara daha böyük uğurlar, hər birinizə yaxşı işlərdə birinci olmağı arzulayıram”.
Y.Abbasov məktəbin aşağı sinif şagirdləri arasında da yüksək nəticə göstərənlərdən danışıb. Daha sonra həm builki məzunlar, həm də aşağı sinif şagirdlərindən il ərzində müxtəlif fənn, beynəlxalq olimpiyada, yarışlarda uğurlu nəticə göstərən şagirdlərə təşəkkürnamə və mükafatlar təqdim edilib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Yunis Hüseynov icra hakimiyyəti rəhbərliyi adından təbriklərini çatdırıb:
Bu gün həm məzun, həm də valideynlərin həyatında mühüm gün olduğunu deyən, Y.Hüseynov bütün məzunlara uğurlar arzulayıb.
Valideynlər də ən azı şagirdlər qədər həyəcanlı idi. Ən azı övladları qədər də şad görünürdülər.
Valideyn Səlimə Həmidova çox qarışıq hisslər yaşadığını deyir: “Bu gün qızım məzun olur. Ötən il bir qızım bu məktəbi bitirib, ali məktəbə daxil olub. Bu qızımdan da yaxşı nəticə gözləyirik. Bugünkü məzunların hər birinə uğurlar arzulayıram, daim valideynlərini sevindirsinlər. Səsləri uca yerlərdən gəlsin”.
Gülər Xanquliyeva bütün məzunlara uğurlar arzulayıb: “Öz övladıma arzularım hamısı məzunların hər birinə arzu edirəm. Hər bir valideyn kimi mən də çox həyəcanlıyam. Övladım orta məktəbi bitirir. Bundan sonrakı arzumuz ali məktəbə daxil olmasıdır. İnşallah, bu arzumuz çin olar”.
Çıxışlardan sonra söz günün qəhrəmanlarına verildi. Məzunlar bu gün üçün hazırladıqları rəqslərini və ifalarını təqdim etdilər.
Qeyd edək ki, 2016/2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirir. 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirir. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vurur.
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunur.publika.az