Aktual / Xəbəriniz olsun!

Məcburi köçkünlərin əksər imtiyazları ləğv olunur

Banu. | 25-01-2017, 08:41
2 408 0

 
Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman verib. Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Qərardan öncə isə, məcburi köçkünlər üçün communal xərclər dövlət tərəfindən qarşılanırdı. Onların ailə üzvlərinin hər birinə görə 20 manatlıq çörək pulu ödənişi olurdu. Qərar qəbulu bu gündən sonra məcburi köçkünlərin həyatına necə təsir göstərəcək? 36 manat onların aylıq xərclərini qarşılaya biləcəkmi?

Hökumət məcburi köçkünlərin bəzi güzəştlərini də ləğv etməyə hazırlaşır.

Məlumata görə, 2017-ci ilin yanvar ayından hələlik məcburi köçkünlərin 4 kateqoriyası bəzi güzəştlərdən yararlana bilməyəcəklər.

"Çörəkpulu" verilməsi dayandırılacaq məcburi köçkünlər:
1. Məcburi köçkünün evi, öz adına kupçası varsa;
2. Məcburi köçkün işləyir və əmək haqqı alırsa;
3. 2017-ci ildə doğulan məcburi köçkün uşaqlara (ata və anası məcburi köçkün olsa belə) çörək pulu verilməyəcək.

Tələbə məcburi köçkünlər təhsil haqqı ödəyəcək

Digər məlumata görə, 2017-2018-ci tədris ilində ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün tələbələr təhsil haqqından azad edilməyəcək. Yəni onlar da pullu ixtisaslara qəbul olunacaqları təqdirdə ödəniş edəcəklər...

Qanunvericiliyə görə, çörək pulu aşağıdakı şəxslərə verilir:

- Məcburi köçkün statusuna malik olub respublika ərazisində olan şəxslərə;
- Valideynlərindən hər ikisi məcburi köçkün statusuna malik olan uşaqlara;
- Valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara;
- Ər və ya arvaddan biri məcburi köçkün statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında məcburi köçkün statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara;
- Ər və ya arvaddan birinin məcburi köçkün statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara;
- Faktiki nikahdan doğulmuş, məcburi köçkün statusuna malik olan şəxsin himayəsində olan uşaqlara digər müavinətlər verilmədikdə;
- Qarabağ müharibəsində əvvəl işğal olunmuş rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara;
- Məcburi köçkün statusu olan hər iki valideynini itirmiş uşaqlara.
Qanuna görə, çörək pulu almayan köçkünlər:
- Şəhid ailələri istisna olunmaqla, mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edərək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlər;
- Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlar və onların uşaqları;
- Müddətli hərbi xidmətdə olan məcburi köçkünlər;
- Həbsdə olan məcburi köçkünlər;
- Məcburi köçkün statusu olmayıb, məcburi köçkün statusu olan şəxslə nikaha daxil olan şəxslər;
- Məcburi köçkün statusuna malik olub respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək;
- Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslər;
- Səfərbərlikdən boyun qaçıran və fərarilik edənlər;
- Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və deputat seçilmiş məcburi köçkünlər;
- Hüquq-mühafizə orqanlarında xidmət edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər;
- Məcburi köçkün statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlər;
- Valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlar;
- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilən məcburi köçkün statusu olan şəxslərdir.


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək. Ə.Həsənov qeyd edib ki, fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər.
Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir. Ə.Həsənov əlavə edib ki, həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək.

1993-cü ildə Fizulidən Bakıya köçmüş Əhmədovlar ailəsi qərarın onlar üçün heç də yaxşı olmayacağını deyir. 50 yaşlı Həsən Əliyevin sözlərinə görə, əvvəllər verilən vəsait onlara müəyyən problemlərinin həllinə kömək edirdisə, indiki vəsaitlə həm kommunal xərcləri, həm də gündəlik zəruri qidaları almaq çətin olacaq: "24 il öncə ailəmi götürüb Bakıya gəlmişəm. Əvvəllər bizə aylıq müəyyən ərzaqlar verilirdi. Sonra ərzaqlar əvəzinə adambaşına 20 manat çörək pulu verdilər. Kommunal xidmət isə addambaşına ayrı-ayrılıqda 10 manatdan hesablanırdı. Üzərinə verilən çörək pulunu da gəldikdə 50 manat edir. Yəni, əvvəl 1 aylıq yaşayışımız üçün bizə 50 manat xərclənirdi. Indi isə adambaşı 36 manat verirlər, deyirlər dolan. Qazın, işığın qiymətini qaldırmasaydılar hardasa dolanmaq olardı. Amma indi bizim üçün çox çətindir. Özüm də fəhlə işləyirəm. hazırki durumda görürsünüz ki, heç yerdə iş yeri yoxdu. Indi o 36 manatla mən nə edəcəm? Yaşaya biləcəm?!”.
Hüseyn dayı deyir ki, adambaşına hesabladıqda hər kəsdən 14 manat kəsmiş olurlar: "Başa düşürəm, qənaət eləmək istəyirlər. Elə təkcə bizim ailədən 56 manat qazanmış olurlar. Ancaq bu qazancı başqa yerdən edə bilərdilər məncə. Bizim onsuzda torpaqlarımızdan didərgin düşmüşük. Bu azmış kimi indi yaşamaq da bizim üçün çətinləşəcək. Bəs doğurdan yaşaya biləcəyikmi?”


Fəttah Heydərov: "Prezidentin məcburi köçkünlərə diqqəti göz önündədir”

"Azərbaycan prezidenti bütün sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”. Bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib. O bildirib ki, prezidentin qayğısı erməni işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşları yaşadır və gələcəyə ümidləndirir: "Ötən gün Azərbaycan prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq”. F. Heydərov əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq: "Azərbaycan prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra o ərazilərdə quruculuqla bağlı çox böyük planları var. İnşallah, onlar da tezliklə yerinə yetəcək”.


Natiq Cəfərli: «Kbu kateqoriyaya daxil olan insanlarla kommunal xidmətlər arasında ciddi narazılıqlar yaranacaq”

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, verilən qərarın mahiyyəti hamıya aydındır: "Büdcə xərclərinin azaldılması yönündə harada imkan varsa, orada hökümət kəsintilərə gedir. Bacardıqca bu kəsintilərin həcmini artırmağa çalışır. Verilən qərarın da məğzi bundan ibarət idi ki, məcburi köçkünlərə bir dəfəlik yardım olunacaq. Bu yardım çərçivəsində artıq məcburi köçkünlər özləri bildiyi qədər bunu xərcləyəcəklər. Sadəcə, keçən ilin sonunda kommunal xərclərin artımını görməsəydik o zaman bu qərarın hardasa bir məntiqi olardı. Ancaq bu artımın fonunda belə kiçik həcmli yardımın olması, təbii ki, qiymət artımını kompensasiya etmir. O kateqoriyaya aid olan insanların da həyat səviyyəsinə mənfi təsir göstərir. Onlar məcburən öz gündəlik dolanışıqlarına sərf etdikləri vəsaitin bir hissəsini kommunal xərclərə yönəltsinlər”.
N.Cəfərli deyir ki, qərar özü anlaşılandır: "Qənaət rejiminin bir göstəricisidir. Amma effektiv olub-olmamağı şübhə doğurur. Çünki 20 ilə yaxın bu sistemə öyrəşmiş insanlar üçün birdən birə bu dotasiyaların ləğv olunması fəsadlar törədəcək. Ona görə ki, kommunal xərclərin ödənilməsində problemlər yaşanacaq. Sonradan bu kateqoriyaya daxil olan insanlarla kommunal xidmətlər arasında ciddi narazılıqlar yaranacaq”.Bizimyol.info

Aysel İsgəndərli