Aktual / Xəbəriniz olsun!

Toy şəkillərini stolun üstünə tökür, baxır, sonra əl boyda kağıza bu sözləri yazır: "Onsuz yaşaya bilmərəm. Siz məni…”

Banu. | 20-01-2017, 10:58
15 516 1

 

1990-cı ilin 20 Yanvar hadisəsi… Xalqımızın öz azadlığı uğrunda rus ordusunun qarşısına əliboş çıxaraq, öz azadlığı uğurunda canından keçdiyi müqəddəs gün. Bu il həmin hadisədən 27  il ötür. Bu faciədə təkcə Ülvi Bünyadzadə, Abbas Qasımov, Oqtay Kərimov və s. şəhidlər deyil, Gəmi zavodunda çalışan İlham və bətnində iki aylıq körpəsini gəzdirən Fərizə də məhz o müdhiş gecənin qurbanı oldu. Onlara XX əsrin "Leyli və Məcnun”u da demək olar. Həmin hadisələri xatırlamaq üçün İlham və Fərizənin ailələri ilə görüşdük.

Hər bir jurnalistə vaxt ayırmışam…

Elə ilk olaraq İlhamın ailəsi ilə görüşmək üçün şəhərin Yeni Yasamal adlanan qəsəbəsinə yollanırıq. Telefon zənginə İlhamın böyük qardaşı Elxan müəllim cavab verir. Küçədə görüşüb bizi evə dəvət edir. Bizimlə görüşdüyü üçün təşəkkürümüzü bildiririk.

– İlham və Fərizədən sonra hər bir jurnalistə vaxt ayırmışam. Çünki sizlər yaşadırsınız onların adını. Hər il, əsasən də, 20 yanvar hadisəsi yaxınlaşanda yazarlar tez-tez bizimlə görüşürlər. Ona görə biləsiniz ki, bizim qapımız həmişə üzünüzə açıqdı.

Liftlə evə qalxırıq. Ailə üzvləri bizi qarşılayır.


1972-ci ildə Bakıya gəldik…




O, günləri İlhamın anası Ofelya xanım belə xatırlayır:

– Həyat yoldaşım Əjdər Bakıda sürücü işləyirdi. Mən də beş uşaqla Ağdam şəhərindəki evimizdə yaşayırdım. Dolanışığımız yaxşı olmadığına görə yoldaşım Bakıda ev aldı. 1972-ci ildə Bakıya gəldik. 1977-ci ildə isə yoldaşım dünyasını dəyişdi.


Evdə hər şey İlhamın üstünə düşürdü…

– Atasından sonra böyük qardaşı Elxan işlədiyindən, evdəki bütün işlər İlhamın üstünə düşürdü. Sonra İlham da Politexnik Universitetinə qəbul oldu. Universitetdə qiyabi oxuya-oxuya gəmi zavodunda çalışırdı. Bununla bərabər 1988-ci və 1989-cu illərdə Bakıda keçirilən mitinqlərdə iştirak edirdi.


Sən getmə, mən getməyim, bəs kim getsin?

– İlhamın belə mitinqlərdə iştirak etməsindən hey qorxurdum. Gecələr evə gec gəlirdi. Deyirdim ki, İlham, getmə! İlhamın xoşuna gəlmirdi belə deməyim: – Sən getmə, mən getməyim, bəs kim getsin?- deyirdi.

İlham qaynıyla, qızım Fərizəylə oxuyub…

– Fərizə bizim qonşu qızı idi. Onda biz Alatavada yaşayırdıq. İlhamın ad günü idi, mən də qızlarıma dedim ki, bəs artıq İlhamın evlənmək vaxtıdı, soruşun, görün bəs nə fikirləşir. Qohumlardan və qonşulardan qız dedik bəyənmədi. Saya-saya gəldik, Fərizənin adını çəkəndə, İlham dedi ki, dayanın. Fərizəylə ailə qurmaq istəyirəm. Hamımız sevindik. Fərizə doğrudan da yaxşı qız idi, hamımızın ürəyincə oldu bu evlilik.

İlham qaynıyla, qızım Fərizəylə oxuyub. Bir-birimizi yaxşı tanıyırdıq. Fərizəni, İlhama nişanladıq. Bir il nişanlı qaldılar. 1989-cu il iyunun 29-da toyları oldu.




 Küçədə bir ayaqqabı və bir papaq gördüm…

– 19-dan 20-nə keçən gecə evdəydik. İlham hələ də evə gəlməmişdi. Birdən gördüm ki, nəsə ürəyim sıxılır. Durub bir stul götürüb oturmağa həyətə çıxdım. Baxdım ki, göy üzü yanır. Silahlardan açılan güllələrin işığı göyün üzünü bürüyüb. Çıxdım küçəyə gördüm ki, hamı qaçır. Yaxınlaşdım bir oğlana dedim ki, ay oğul, nə olub? Oğlan dedi ki: "ay xala, rus ordusu şəhərə girib, camaatı qırır”. Örpəyimi başıma atıb, qaçdım güllə atılan tərəfə. Yolda oğlum Elxana rast gəldim. Elxan məni geri, evə qaytardı. Elxan gecə yarı evə gəldi ki, bəs İlhamı tapa bilmədim. Səhər tezdən Elxanla birlikdə 20 yanvar dairəsinə getdik. Küçəylə gedəndə bir ayaqqabı və bir az irəlidə bir papaq gördüm. Papaq qonşumuzun idi, vuran da düşmüşdü. Küçədə yolun üstü qan ləkələri idi.

Stolun başında İlhamın şarfını gördüm…

– Biz respublika xəstəxanasına getdik. Xəstəxananın kalidorunda stolun başında İlhamın şarfını gördüm. Qışqırdım ki, bu İlhamın şarfıdı, İlham burdadı. Qışqırtıma həkim çıxdı. Dedi ki, nə olub, ana? Dedim ki, İlhamın anasıyam, oğlumu gəzirəm. Həkim Elxanı içəri apardı mənə dedi ki, sən gözlə. Bir az keçdikdən sonra Elxan həkimin yanından çıxdı. Dedim hanı İlham? Dedi ki: – Burda yoxdu, gedək evdən şəxsiyyət vəsiqəsin götürüm, lazımdı. Gəldik evdən vəsiqəni götürüb qapıya yaxınlaşanda, gördüm ki, Elxan yoxdu. Sən demə, həkim İlhamın şəhid olmasını Elxana deyibmiş. Sadəcə, Elxan məni evə gətirmək üçün belə edib (ağlayır).

Axırıncı sözü isə bu olub: "Anama heç nə deməyin…”

Söhbətimizin bu yerində Ofelya xanım özünü yaxşı hiss etmədiyindən söhbətimizə İlhamın böyük qardaşı, həmin günün şahidi Elxan müəllim davam edir.

– Bir qardaş kimi İlhamdan sonra çox böyük acılar yaşadım. Çünki qardaş arxadı, dayağdı. İlhamın o gündən bu günə həmişə yeri görünür, bundan sonra da yeri görünəcək. İlham vətənpərvər adam idi. Təəssüflər olsun ki, həmin gecə bir çoxları kimi, İlham da rus ordusunun açdığı atəşin qurbanı oldu. İlham Pribaltikada hərbi xidmətdə olmuşdu. Ona görə də silahları yaxşı tanıyırdı. Həmin gecə İlham görür ki, bu silahlarla camaatı qıracaqlar. Ona görə də, tankların qarşısına çıxaraq əllərini göyə qaldırır ki: " atəş açmayın, xalq silahsızdı”! Bu sözü deyən kimi, İlhama da həmin silahlardan atəş açırlar və İlham ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Dostlarının dediyinə görə, bu hadisə həmin axşamı saat 12:15 radələrində olub. İlhamı xəstəxanada əməliyyat edən zaman işıqlar da sönüb və onu qəzet işığında əməliyyat ediblər. Amma bütün bunlara baxmayaraq, səhərəyaxın saat 4:30 radələrində İlham dünyasını dəyişib. Axırıncı sözü isə bu olub: "Anama heç nə deməyin”.

Alatavadakı evimizdən Xırdalan qəbristanlığında İlhamın məzarı görünürdü…

– İlhamın meyidini xəstəxanadan gətirəndə istədik ki, aparıb Ağdamda, atamın yanında dəfn edək. Məsciddə yuduzduranda dedilər ki, meyidi çox uzağa aparmayın qan axması var. Günahdı, olmaz. Qərara gəldik ki, İlhamı Xırdalan qəsəbəsində dəfn edək. Elə axşam saat səkkiz radələrində İlhamı dəfn etdik. Alatavadakı evimizdən Xırdalan qəbristanlığında İlhamın məzarı görünürdü. Fikirləşdik ki, onu belə görüb bir az təsəlli taparıq, gözümüzün qabağında olar. Evə gəldikdən sonra bildik ki, Fərizə özünü yandırmaq istəyib. Onunla söhbət etdim, dedim ki, lazım deyil.




Toy şəkillərini stolun üstünə tökür, baxır, baxır sonra isə əl boyda bir kağız parçasına bu sözləri yazır: "Mən onsuz yaşaya bilmərəm. Siz məni…”

– Sonra bizə xəbər verdilər ki, bəs şəhidlər hamısı indiki "Şəhidlər Xiyabanı”nda dəfn olunacaq. Mən də məsləhətləşdim, ağsaqllar dedilər ki, dəfn etmək olar. Fərizə gecə bilir ki, sabah İlhamı Xırdalan qəbristanlığından çıxarıb "Şəhidlər Xiyabanı”na gətirəcəklər. Səhərəyaxın saat 4-5 radələrində hamıdan gizlin yuxudan qalxaraq, gözü yaşlı o biri otağa keçir. Toy şəkillərini stolun üstünə tökür, baxır, baxır sonra isə əl boyda bir kağız parçasına bu sözləri yazır: "Mən onsuz yaşaya bilmərəm. Siz məni…”

Məktub yarıda qalır. Fərizə bir stəkan "iksus”u başına çəkir. Nənəm gözləyir, görür ki, qız gəlmədi. Elə bilir ki, su başına gedib. Sonra gedib otaqlarına baxır və görür ki, Fərizə yerdə can verir…

Fərizə də vəfat etdi. İlhamı da təzədən evə gətirdik və yanvarın 22-də hər ikisini "Şəhidlər Xiyabanı”nda dəfn etdik.

2003-cü ildən həmin gün "Sevgililər günü” qeyd edilir…

– İlhamla Fərizə Azərbaycan gəncləri üçün bir örnəkdi. Biləndə ki, İlhamın qardaşıyam bizə çox diqqət və qayğı göstərirlər. 2003-cü ildən artıq 30 iyun İlhamla Fərizənin toyları günü "Sevgililər günü” kimi qeyd olunur. Amma rəsmi olaraq dövlət tərəfindən təsdiq olunmayıb. Çox istəyərik həmin gün dövlətimiz tərəfindən təsdiq olunsun. Bu xalqımız üçün önəmli bir gündür.

Çağıranda deyirəm ki, ay Fərizə, adına qurban olum gəl! 




Burada söhbətimizi yekunlaşdırıb Yeni Yasamaldan Elxan müəllimlə Alatava qəsəbəsinə, Fərizə xanımın ata evinə yola düşürük. Qapıya yaxınlaşanda görürük ki, bir ağ saçlı qadın həyəti süpürür. Elxan müəllim mənə baxır: "Vasif, Fərizənin anası Bağda xanımdı gördüyün qadın” – deyir. Görüşüb evə gedirik və bizi Fərizə xanımın atası Çoban müəllim qarşılayır. İlk söhbətə başlayan da Bağda xanım olur:

– Fərizə çox şıltaq qız idi. Övladlarımdan son beşiyi idi. İlham şəhid olan gündən Fərizə deyirdi ki, bizim şəkilimizi bir böyüdərsiniz. Heç kimin sözünü eşitmədi. Həm İlhamın, həm də Fərizənin həmişə yeri görünür. Oğlumun qız övladı oldu. Adını Fərizə qoydum. Çağıranda deyirəm ki, ay Fərizə, adına qurban olum gəl! İndi Politexnik Universitetində üçüncü kurs tələbəsidi. Hər ikisi ilə fəxr edirəm ki, onlar belə bir ad qoyub getdilər. Amma onların yoxluğu mənim ürəyimdə bir xal qoydu. Böyük dərddi, oğul! Heç olmasa bir nişanələri qalmadı ki, mən ona baxam və onların qoxusunu alam. İki aylıq hamilə idi Fərizə. Amma körpəni dünyaya gətirmək də qismət olmadı.

Söhbətimizin bu yerində Çoban müəllim davam edir:

– Neyləyim, oğul, ağır dərddi. Görünür onların da yazısı, qisməti belə imiş. Onlar bizə dağ çəkdilər. 20 yanvar günü sübh tezdən gördüm ki, qapı döyülür. Açdım gördüm ki, Fərizədi. Dedi ki, ata, İlham axşamdan yoxdu. Sonra Fərizəylə birlikdə qayıtdıq İlhamgilə, gördüm ki, millət hamısı burdadı. İlham artıq şəhid olub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu da 20 yanvarın bizə çəkdiyi bir övlad dağ idi ki, biz də bir çox şəhid ailələri kimi hər il bunu xatırlayırıq.

Söhbətimizi yekunlaşdırıb, şəhidlərimizin ailələrinə başsağlığı verib, oradan ayrıldıq.


Vasif Əlihüseyn


Nigar_ | 20 yanvar 2017 12:33 | Status: Professional user | Şərh: 2 126
Cox pis oldum.Bir valideyn ucun ovladinin olumu haqqda danismaq nece cetindir...Allah butun sehid ailelerine sebr versin.