Aktual / Xəbəriniz olsun!

Romanı yandıran İmperator Neron — ana qatili yoxsa incəsənət qurbanı?

Banu. | 25-05-2017, 07:00
2 217 1

 

İmperator Neron

Neron Yulilər-Klavdilər sülaləsindən olan Roma İmperatorudur. Hakimiyyəti dövründə repressiya və müsadirələrlə cəmiyyətin müxtəlif təbəqələrinin etirazına səbəb olub. Üsyandan qorxaraq Romaya qaçır və intihar edir.

AzadQadin.az Ölkə.Az-a istinadən  qəddarlığı ilə ad çıxarmış, Romanı yandıran imperator Neronun həyatını oxucuları ilə bölüşür.

Ailəsi və anası

Aqrippinanın cavanlıq illəri çətin keçib. Onun atası Germanik, anası və iki böyük qardaşı qətlə yetirilir. Üçüncü qardaşı imperator Kaliqula əvvəlcə Aqrippinanı məşuqəsinə çevirir, sonra isə Ponti adalarına sürgünə göndərir. Aqrippinanın doğma əmisi Klavdi imperator olduqdan sonra qardaşı qızını Romaya qaytarır.

Aqrippina Tiberi tərəfindən Qney Domisiya Agenobarba ərə verildi. Qney Mark Antoni və Oktaviyanın nəvəsidir. O, nifrətəlayiq insan idi. Aqrippinanın oğlu dünyaya gələndə, Qney arvadını təbrik etmək əvəzinə: "Bizdən bəşəriyyət üçün qorxu və bəladan başqa heçnə dünyaya gələ bilməz”. Yeni doğulan körpənin adı Neron idi və bir müddət sonra Qney vəfat etdi. Amma onun yeni doğulan körpə barədə dedikləri reallığa çevrildi.

Uşaqlıq dövrü

Neron uşaq yaşlarında hərb sənəti ilə maraqlanmırdı və döyüş meydanında qəhrəmanlıq göstərməyi arzulamırdı. O, musiqi, rəssamlıq və digər elmlərlə maraqlanırdı. Bir müddət Neron nəqqaşlıqla və poeziya ilə məşğul olmağa başladı. Amma onun ən böyük həvəsi at yarışlarına idi.

Xudpəsənd və qəddar, ikiüzlü və alçaq Aqrippina hakimiyyət sevdalısı idi. Deyilənlərə görə, bir dəfə Aqrippina falçılardan oğlunun taleyini soruşur. Falçılar isə, Neronun hökmdar olacağını, amma anasını qətlə yetirəcəyini deyirlər. Aqrippina isə "eybi yox, öldürsün, amma hökmdar olsun” deyir.

Klavdinin qətli və yeni vəliəhd

Roma qanunları əmi ilə qardaş qızının nikahını qadağan etsə də, Klavdi Aqrippina ilə evləndi və nəticədə qadın 49-cu imperatriçə oldu.

Aqrippina hakimiyyətə yiyələndi və onu əlindən buraxmaq istəmirdi. Buna görə də Klavdinin Neronu övladlığa götürməsinə nail oldu. Məkrli qadın istəyirdi ki, Neron onun əlində oyuncağa çevrilsin.

Elə buna görə də, Klavdinin qətlini məhz Aqrippinanın təşkil etdiyi düşünülür. İmperatorun necə zəhərlənməsi barədə bir çox versiya var. Amma reallıq odur ki, imperatoru zəhərləyib öldürdülər.

Klavdi öldükdən sonra Neronu qanuni varis kimi göstərdilər. Pretorianlara (imperatorun şəxsi mühafizə dəstəsi-red.) külli miqdarda pul mükafatı paylandı.

Pretorianlar Neronu düşərgələrinə aparıb printseps (senatın üzvü) elan etdilər. Onların seçimi Senat tərəfindən təsdiqlənir. Klavdi ilahiləşdirildi, Neron isə imperator elan edildi. Onun adı Neron Klavdi Sezar Avqust Germanik oldu.

Avqustun ulu nəvəsi 17 yaşlı Neron 14 il hakimiyyətdə olub. Təbii ki, kaprizli və ərköyün, incəsənətə meylli, təcrübəsiz gənc hakimiyyəti idarə edə bilməzdi. Bununla bərabər o, tərbiyəçisi, fəlsəfə alimi Anney Senekaya də mane olurdu. Anney güclü siyasətçi idi. Neron pretorian qvardiyasının komandiri Afrani Burra da mane olurdu.

Hakimiyyətin ilk illəri

Neron hakimiyyətə səs-küysüz gəldi. Xalq yeni şahzadəni yaxşı qarşıladı. Legionlar və əyalətlər Klavdi siyasətinin davamına ümid edirdi. Senatorlar isə onun hakimiyyətinin avtokratik tendensiyalarının yüngülləşməsini istəyirdilər. Hakimiyyətə keçdikdən sonra yeni şahzadə yeni liberal kurs götürdü.

Neron öz proqramını elan etdi. O, ölkəni Avqust üslubunda idarə edəcəyinə söz verdi. Heç bir işə təkbaşına qərar verməməyə, Senatın qədim öhdəliklərini bərpa etməyə əhd etdi. Əyalətlərin idarəçiliyində də Neron imperator və senat bölgələrini dəqiq böləcəyinə söz verdi.
54-cü ildə məsləhətçi-konsult keçirilir. Parfiyalılarla müharibədən tutmuş vəkillərin qonorarına qədər bütün idarəçilik məsələləri senatda həll edilir. Prinseps triumfal libas geyinərək burada iştirak edə bilərdi. Senat tərəfindən göstərilən ehtiram cavab idi. İmperatorun Qisasçı Mars məbədində qızıl və gümüşdən hazırlanmış heykəli qoyulur. Eyni zamanda təqvim də dəyişir. Yeni il dekabrdan, Neronun anadan olduğu vaxtdan başlayırdı. Neron bunlardan imtina edir. İmperatoru təhqir edən iki iş isə ləğv edilir.

Növbəti, yəni 55-ci il qarşılıqlı reveranslarda keçir. 56-cı ildə isə bir neçə xüsusi tədbir keçirilir. Bu tədbirlər Senat rəhbərliyinin maraqlarını əks etdirirdi. 58-ci ildə bir çox senator Nerondan maddi yardım alır. Nəhayət, sahibinin qətli zamanı evdə olan bütün qulların qətl edilməsi barədə köhnə adət bərpa edilir. Bu siyahıya azad edilmiş qullar da daxil edilirdi. 61-ci ildə məsləhətçi-senatusun daha qəddar idarəçiliyi hiss edilməyə başlayır. Pedani şəhərinin prefekti Sekund qul tərəfindən qətlə yetirilir. Senatın tanınmış üzvü və hüquqşünas Qay Kassiy Lonqin qətl zamanı evdə olan 400 qulu edam etməyi təklif edir. Bu qərar bəzi senatorları da şoka salır. Yerli xalq kütlələri isə qərarın icrasına mane olmağa çalışır. Bununla belə, senat qərar qəbul etdi və Neronun əmri ilə yollara hərbi qarovul düzərək qərarın icrası təmin edildi.

55-59-cu illər arasında rüşvətxorluqda ittiham edilən 10 canişinin işinə baxılır. Onlardan çoxu bəraət qazansa da, kampaniya müəyyən təsirə malik idi. 59-cu ildə korrupsiya ilə mübarizə sönməyə başlayır. Bu isə senatorların məsələyə münasibəti ilə izah edilir.
Maliyyə tədbirləri vergi zülmünün zəifləməsinə, ticarət və kommersiyanın canlanmasına səbəb olurdu. Korrupsiya ilə mübarizə isə əyalətlərdə vəziyyəti yaxşılaşdırırdı. 59-cu ilə qədər əyalətlərdə həyəcan əlamətləri, demək olar ki, yox idi.

Saraydaxili çəkişmələr

54-60-cı illərin xarici siyasəti Parfiya ilə müharibədə qələbələrlə müşayiət olunurdu. 17 yaşında hakimiyyətə yiyələnmiş gənc prinsepsin ətrafında iki saray qruplaşması mübarizə aparırdı. Onlardan biri Aqrippinanın, digəri isə Burr və Senekanın ətrafına toplanmış əyanlar idi. Aqrippina dul imperatriçə və imperatorun anası kimi idarəçilikdə böyük rol oynamağa çalışırdı. Burr və Seneka isə imperator və Aqrippina əleyhinə mövqe tutmuşdular.

Aqrippina taxt-tacın təhlükəsizliyini təmin etmək üçün keçmiş və potensial rəqibləri aradan götürməyə başlayır. 54-cü ildə Silan qətlə yetirilir. Sonra növbə Narsissə çatır. Seneki və Burrun müdaxiləsi qətlləri dayandırır. Amma Aqrippinanın mövqeyi çox möhkəm idi. Dul imperatriçə gizli surətdə senatın toplantılarında iştirak etməyə başlayır.

Neron azad edilmiş qul Klavdi Akteyə aşiq olub onunla evlənmək istəyəndə şəxsi zəmində ilk toqquşma baş verir. Bu sevgi məsələsi Aqrippinanın etirazına, Seneka və Burrun dəstəyinə səbəb olur. Sevgililərə, yəni Neron və Akteyə görüşmək üçün Senkanın dostu Seren evini verir. Ana və oğulun münasibətləri kəskinləşməyə başlayır. İmperatriçə taktikasını dəyişmək məcburiyyətində qalsa da, qəzəb qaçılmaz idi. Pallant imperatorun tərəfinə keçir. Bundan sonra isə Aqrippina Oktavi və Britannikin timsalında müttəfiqlər axtarır.

Nəhayət, Aqrippina Nerona xatırladır ki, hakimiyyəti anasının cinayəti sayəsində əldə edə bilib. 14 yaşlı Britannik Klavdinin qanuni varisidir.

 

Aqrippinanın qətli

Neron buna cavab olaraq Aqrippinanın mühafizəçilərini ləğv edərək onu saraydan Antoninin evinə qovur. Britannikin taxt-tac üçün təhlükə olduğuna əmin olan imperator onu zəhərləmək qərarına gəlir.

58-ci ildə Neron dostu Salvi Otonun arvadı Poppeey Sabina ilə tanış olanda yeni konflikt ortaya çıxır. Oton Luzitaniyaya canişin kimi təyin edilir. Prinseps isə Oktavi ilə boşanmağa, Poppeeylə ailə həyatı qurmağa hazırlaşır. Bu qərar Aqrippinanın sərt müqavimətinə səbəb olur. Ana və oğul arasında başlayan mübarizə həlledici mərhələyə qədəm qoyur.

Hakimiyyətinin ilk illərində Neron idarəçiliklə maraqlanmır, teatr və tamaşalara həvəs göstərir, incəsənət və oyunlarla maraqlanırdı. 59-cu ildə vəziyyət dəyişir. Poppeeyin təzyiqi ilə imperator anasını qətlə yetirmək qərarına gəlir.

Neronun əmri ilə inşa edilən gəmi açıq dənizdə batır. Amma Aqrippina üzərək sahilə çıxır. Bunu eşidən prinseps Mizen donanmasının prefekti Aliketinin komandanlığı altında bir dəstə göndərir. Aliket imperatriçənin villalarından birinə qaçan Aqrippinanı qətlə yetirir.
Qətldən sonra Neron Aqrippina tərəfindən özünə qarşı sui-qəsd təşkil edildiyini bəyan edir. Seneka prinsepsin adından məktub yazır. Məktubda Aqrippina hakimiyyəti ələ keçirməkdə günahlandırılır, senatın və xalqın etirazı bildirilir. Nəhayət cəmiyyətin dəstəyini əldə etmək mümkün olur. Senat Kvinkvatrın şərəfinə oyunlar təşkil edir və Minervdə qızıldan heykəl ucaldır. Bayidən qayıdan prinseps şərəfinə təntənəli görüş təşkil edilir. Aqrippinanın qurbanlarından çoxu Romaya qayıdır. Lolli Paulinanın meyidinin yandırılmış külü paytaxta gətirilir.

Dəhşətli və qeyri-normal cinayət imperatora qarşı ümumi münasibəti dəyişməyə bilməzdi. Neron cəmiyyəti ələ almaq istədi. Qorxu üstün gəldi və hamı bu qətli haqlı saymağa başladı.

Neronun incəsənətə həvəsi

Neron güclü psixoloji sarsıntı keçirirdi. O, anlayırdı ki, nüfuzu tamamilə məhv olub və idarəetməni əvvəlki kimi həyata keçirə bilmir. Aqrippinanın ölümündən sonra Neron özünü sərbəst və idarəedilməyən hiss edirdi. Artıq ana nəzarəti yox idi.

59-cu ilin mart ayında baş verən hadisələrdən sonra imperator məişəti bərpa etməyə cəh edir. Bu isə, əslində, hansısa konstruktiv ideya deyildi.

Neron kifara çalaraq oxumağa xüsusi maraq göstərirdi. Onun səsi zəif və cır idi. Bununla belə kütlə qarşısında çıxış etməyə çox həvəsli idi.

Neron kütlə qarşısında çıxış etməyə can atırdı. Bu həqiqətən görülməmiş hadisə idi. Çünki romalılar teatr və aktyorlara nifrətlə yanaşırdılar. Neron ilk dəfə Neapolda kütlə qarşısında mahnı oxumaq qərarına gəlir. Məhz bu zaman zəlzələ baş verir və teatr silkələnir.
Amma təbii fəlakət imperatoru dayandırmadı və o, mahnısını sona qədər oxuyur. Digər versiyaya görə isə, tamaşaçılar zalı boşaltdıqdan sonra bina dağılır.

60-cı ildə yeni Neron oyunları təsis edildi. İmperatorun şərəfinə təsis edilmiş oyunlar Olimpiya oyunları stadionunda hər beş ildən bir keçirilməli idi. Yarışlar bədii-idman xarakteri daşıyırdı. Musiqi üzrə müsabiqələr, at arabalarının yarışı, gimnastika, orator müsabiqəsi əsas sayılırdı. Romalılar üçün ənənəvi xarakter daşıyan qladiator yarışları proqrama daxil edilməmişdi.

Neron digər aktyorlarla eyni səviyyədə mükafat əldə etmək istəyirdi. Tatsit bu barədə yazırdı: "Beşillik mübarizələr başlamadan əvvəl Senat ümumxalq biabırçılığının qarşısını almaq üçün Nerona müğənniliyinə görə mükafat təklif etdi. Mükafata əlavə olaraq natiqlik istedadına görə qalib çələngi də nəzərdə tutulmuşdu. Bu isə imperatoru teatrlarda çıxış etmək şərəfsizliyindən qurtarırdı”.

Amma mükafatdan imtina edən Neron əvvəlcə kütlə qarşısında şeir oxuyur. Kütlə imperatordan bütün istedadını nümayiş etdirməyi tələb edəndə o, yenidən səhnəyə çıxır.

Məlumdur ki, kütlə arasından keçmək istəyən bəzi atlılar ayaq altında qaldı. Gecə-gündüz teatrda oturmaq məcburiyyətində qalan süvarilər isə ağır xəstəliyə düçar oldular.

Oyunlar Neronun xüsusən də elita arasında hörmətsizləşməsi ilə nəticələndi. Yunan və Roma ənənələri toqquşdu. Yunan üslubunda elitanın iştirakı ilə keçirilən oyunlar romalıların nəzərində imperatorun orgiya və tərbiyəsizliyi idi.

60-cı ildə komet göründü və tezliklə imperatorun hakimiyyətinin sona çatacağı barədə şayiələr dolaşmağa başlayır. Prinsepsin həqiqətən xəstələnməsi də şayiələri sürətləndirdi. İmperatora qarşı münasibət daha da mənfi xarakter alır.

Üsyanlar

Xarici siyasətdə və əyalətlərdə başlayan böhran təhlükəli vəziyyətə çevrilmişdi. 61-ci ildə Britaniyada çariça Bouddikanın rəhbərliyi altında geniş üsyanlar başlayır. Həlledici döyüşdə Svetoni üsyançıları darmadağın etdi və Bouddika intihar edir. Amma üsyan Roma əyalətlərinə güclü zərbə endirdi. Parfiya ilə müharibədə də dönüş yarandı.

59-61-ci illər arasında daxili siyasətdə dönüş hazırlandı. Bu dönüş hakimiyyətin ikinci dövründə özünü biruzə verdi. 62-ci ildə Burr vəfat edir. Təbii ki, onun Neron tərəfindən zəhərlənməsi barədə şayiələr dolaşmağa başlayır. Sofoni Tigellin və Feni Ruf yeni prefekt təyin edilir. Tigellin Neronun ətrafında əsas fiqura və avtoritar siyasətin məsləhətçisinə çevrilir. Burr vəfat etdikdən sonra Seneki prinsepsdən istefasını xahiş edir. Tezliklə sonuncu sülalə rəqibləri-Korneli Sulla və Rubelli Plavt da aradan götürülür.

62-ci ildə Neron ilk arvadı Oktaviyanı qətlə yetirir və bununla da kütlənin nifrətini qazanır. Xalqın böyük sevgisini qazanan Oktaviya xəyanətdə ittiham edilərək Romadan sürgün edilir və öldürülür.

Hadisələr Seneke tərəfindən qələmə alınmış "Oktaviya” faciəsində qeyd edilib. Oktaviyanın rəqibi, təmiz qəlbdən başqa hər şeyə sahib Poppeya Sabina Neronun ikinci arvadı olur. Neron gözəl, əxlaqsız, qəddar, ikiüzlü Sabinanı çox sevirdi.

Əzəmətin təhqir olunduğu proseslər bərpa edilir. Senatda prinseps əleyhinə şer yazmaqda ittiham edilən pretor Antistiya Veta dindirilir. Neronun tərəfdarları edam tələb etsələr də, Trazey Petanın təşəbbüsü ilə bir çox senator bu hökmün ləğvinə çalışırdılar. Nəticədə prinseps bu qərarı ləğv etmək qərarına gələ bilmədi. Eyni anda görkəmli senatorlara qarşı şer yazmaqda, vəzifə və imtiyaz satmaqda ittiham edilən Fabrisiya Veyentonun da məhkəmə işi keçirilirdi. Prinsepsin təşəbbüsü ilə Veyenton İtaliyadan qovulur.

63-cü ildə Neron və Poppeyin qızı dünyaya gəlir. Uşaq imperatorun ilk övladı olduğu üçün onun şərəfinə oyunlar keçirilir. Bütün senat Ansiyə, imperatoru təbrik etməyə yollanır. 4 ay sonra uşaq vəfat edir və ilahiləşdirilir.

64-cü ildə Neron əvvəlcə yüksək rütbəli əyanlarla, sonra isə cəmiyyətlə münaqişəyə qalxır. 64-cü ilin əvvəlində imperator Neapolda böyük teatr tamaşası səhnələşdirir və özü də aktyor qismində bu tamaşada iştirak edir. Neapoldan sonra imperator Beneventə, oradan da Yunanıstan və Misirə səfər etməyi planlaşdırsa da, naməlum səbəblərə görə səfəri təxirə salaraq Ansiyə qayıdır.


Romanı kim yandırıb?

64-cü ilin iyul ayında imperator üçün dəhşətli hadisə baş verir. 18 iyuldan 19 iyula keçən gecə Romada güclü yanğın baş verir. Dəhşətli yanğınlar 6 gün davam edir və 3 gün sonra yenidən başlayır. Şəhərin 14 bölgəsindən 4-ü tamamilə yerlə-yeksan olur. 3 əraziyə yanğın sıçramasa da, digər bölgələr ciddi dağıntılara məruz qalır.

Yanğından dərhal sonra şəhərin bərpa işləri başlayır. Bərpa işləri yanğından mühafizə idarəsinin sənədləri və rəyləri əsasında həyata keçirilir. Küçələr enli, evlərin hündürlüyü məhdud, kvartallar izolə edilmiş, həyətsiz evlər yeni Romanın siması idi. Yanğından mühafizə və zibil tullantıları sistemi də yaxşılaşdırdı. Yeni şəhərdə daş tikililərin sayı artdı.

Neronun axmaq reputasiyası o həddə çatdı ki, kütlə şəhərin imperator tərəfindən yandırıldığına inanmağa başlayır. Yanğından şübhəli bilinən xristianlar edam edilsə də, müasirləri prinsepsin bu əməldə əli olduğuna inanırdılar. Eyni zamanda şəhərin yenidən qurulması da Neronun yanğında şübhəli olduğu fikrini gücləndirirdi. Bərpa və tikinti işləri üçün ayrılan çox ciddi məbləğlər əyalətlərlə münaqişədə son nöqtəyə səbəb olur. Yanğına qarşı ilk reaksiya Pizon anlaşması ilə özünü biruzə verir. Onun iştirakçılarının tərkibi çox müxtəlif idi. Senatorlar və digər əyanlar avtokratik siyasətdən narazı idilər.

Yeni narazılıqlar

Pretorianlar Neron və Tigellindən narazı idilər. Bu dövrdə Aqrippina qvardiyada çox məşhur idi. Bundan başqa sui-qəsdçilərin çoxunun şəxsi motivləri də var idi.

Sui-qəsdçilərin fikrinə görə, Neron qətlə yetirilməli idi və başqa bir prinsepslə əvəz edilməli idi. Sui-qəsd planı bir neçə dəfə baş tutmur. 65-ci ilin 12 aprel tarixində imperatoru qətlə yetirmək barədə qərar qəbul edilir. Qətl ərəfəsində libert Sçevin və Natal ələ verilir. Həbs edilən cütlük Pizon, Lukan, Kvinisian və Qliti Qallanı da ələ verir. Sui-qəsdçilərin içində Senekanın da adı var idi. Şəhər mühasirəyə alınır və bir çox yerdə qarovul düzülür. İstintaqa Tigellin rəhbərlik edirdi. Sui-qəsdçilərin vətəndaş bölümü darmadağın edilir. Pizon, Lukan, Senesion, Kvintian və Sçevin intihar edir. Seneka da məcburən intihar edir. Sui-qəsdçilərlə bərabər Neron xoşuna gəlməyən digər şəxsləri, məsələn, konsul Attik Vestini, yəni məşuqəsi Statiliya Messalinanın ərini öldürtdürür.

Sui-qəsdin təşkilatçıları məhv edildikdən sonra kütləvi sürgün və qovulmalar başlayır. İntelligensiyanın bir çox nümayəndəsi Romadan qovulur. Bu yolla Neron senator, süvari və pretorianların əsas komanda heyətini aradan götürür.

Aprel ayı Neroniya adlandırıldı. Qorxuya düşən Senat prinsepsi Tanrı elan etmək istəsə də, imperator bundan imtina edir.

Eyni ildə Neroniya bayramı qeyd edilir və imperator kifared rolunda çıxış edir.

Ailə münaqişələrinin birində Neron təsadüfən Poppeyanı qətlə yetirir. O, hamilə imperatriçənin qarnını təpikləyir. Poppeya ilahiləşdirilir və onun cəsədi mumyalanaraq Avqust mavzoleyinə qoyulur.

Sui-qəsdlər və yeni üsyanlar

66-cı ildə Nerona qarşı yeni sui-qəsd təşkil edilir. Bu sui-qəsdin təşkilatçısı Korbulonun övladlığa götürdüyü Anni Vinisian idi. Sui-qəsd planı 19 iyuna nəzərdə tutulur. Vinisian Neronu Beneventdə öldürmək istəyir. Amma sui-qəsdin liderləri edam edilir. Qurbanlar içində Klavdiya Antoniyanın qızı da var idi.

66-cı ilin 25 sentyabr tarixində Neron Yunanıstana gedir və Statiliya Messalina ilə nikaha girir. Səfər zamanı imperatriçə Romada qalmışdı. İmperatoru məşuqəsi Kalviya Krispinilla və xacə Spor müşayiət edirdi. Neron qanlı hadisələrdən istirahət etmək və yenidən səhnəyə qayıtmaq istəyirdi. O, düşünürdü ki, yunanlar arasında tamaşaçı toplaya biləcək. İmperator bütün Yunanıstanı gəzir və həqiqi coşğu ilə qarşılanır.

Vindeks kömək üçün İspaniya valisi Servi Qalbaya müraciət edir. Neronun ondan qurtulmaq istədiyini öyrənən Qalba üsyana qoşulur. Qalba dustaqları və əsirləri azadlığa buraxır, Neron əleyhinə ittihamlara qoşulur, ona təklif edilən imperator ünvanından imtina edir. İspaniya valisi özünə "Roma xalqının və senatın leqatı” ünvanını götürür və yerli əhalidən öz senatını qurur.

Mart ayının sonunda Neron Vindeksin üsyanından xəbər tutur. Xəbərə etinadsız yanaşan imperator 8 gün heç bir əmr vermir. Sonra isə məsələni senata çatdırır. Svetoni bildirir ki, imperator fəaliyyətsizlik göstərirdi. Amma hansısa tədbirlər görülmüşdü. Məsələn, Reyn

legionlarına əmr verilsə də, prinseps bu legionlara etibar etmirdi. Reyn legionları oyundan çıxdıqdan sonra Neronun kifayət qədər kiçik ordusu qalmışdı. Britaniyada 3, Suriyada 4, Misirdə 2 və İsraildə 3 legion var idi. Dalmasiyada səfərdə olan 4 legionun gəlişini də gözləmək lazım idi.

Afrika valisi Klodi Makrın 1 legionu var idi və ikinci legionu da toplayır. Amma o, gözləmə mövqeyində idi və Neronla danışıqlar fayda vermirdi.

Neron şəhər əhalisindən ordu yığmağa başlayır və qoşunun əsas hissəsi Mizen donanmasının dənizçiləri idi. Aprel ayının sonlarında Qalbanın üsyan xəbəri yayıldı və Neron qorxuya düşür. Bu qorxunun kifayət qədər ciddi səbəbləri var idi: Qalbanın ordusu romalılardan təşkil edilmişdi və o, Vindeksdən qat-qat nüfuzlu idi. Eyni zamanda Neronun elə də böyük və güclü ordusu yox idi.

Bu dövrdə imperatorun zəif olduğunu görən Sabin hərbi çevriliş etmək qərarına gəlir. Pretorianlar üsyana qalxır və Qalbaya qoşulurlar. Bu hadisədən sonra senat Neronu vətən xaini elan edir. Prinseps qaçsa da, təqib olunur. Neron intihara əl atır. Onun ölümü Qalbanı rəsmi imperator edir. Qalba senat tərəfindən tanınır…