Aktual / Xəbəriniz olsun!

Ölkəni bahalaşmanın növbəti dalğası gözləyir

Banu. | 3-10-2016, 20:44
2 809 3

 
Nazirlər Kabineti (NK) Azərbaycana idxal edilən toyuq əti və toyuq yumurtası, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirib. 

Yeni rüsumlar Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, ölkəyə gətirilən 1 kq toyuq əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan, xiyar üçün 0,2 dollar, 1 kq alma, armud, heyva, xurma üçün 0,3 dollar, 1 kq üzümümə görə 0,4 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Buna qədər adı çəkilən məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Qərar yerli məhsul istehsalının artımına hesablanıb

Hökumətdə iddia olunur ki, yeni rüsumlar tətbiq olunan bu məhsullar ölkədə yetərli qədər istehsal olunur və daxili tələbatı tam ödəyir. Elə qərar yerli məhsul istehsalının artımına hesablanıb. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də jurnalistlərə bildirib ki, idxal olunan bəzi mallar üçün gömrük rüsumlarının artırılması yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq. Komitə sədri deyib ki, bundan sonra yerli məhsullar ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, dondurulmuş xarici məhsullara görə valyuta ödənməsinə ehtiyac yoxdur. 

Yerli istehsalçılar bahalanma üçün "startdadır”

Əslində, bu artım bazara təsir edə bilərmi? Artıq uzun illərdir müşahidə edirik ki, istənilən artım bazara mənfi təsir edir – istər vergi olsun, istər gömrük rüsumu, istərsə də dolların bahalaşması ilk növbədə daxildə istehsal olunan ərzaq məhsullarının qiymətinə təsir göstərir. Əslində bu, birbaşa təsir deyil, süni amillərdir. Amma Azərbaycan istehlakçısı buna alışıb və kökündə başqa niyyət axtarmadan öz işindədir. Marketləri, bazarları müşahidə etdiyinizdə yumurta, quş əti yerli istehsaldır. Misal üçün, aış-veriş etdiyimiz marketdə yalnız Hacıqabul yumurtası satılır. İdxal məhsulu yoxdur. Bu, o deməkdir ki, yumurtanın qiymətinin artması üçün də heç bir səbəb yoxdur. Quş əti də onun kimi, marketlərdə, bazarlarda əsasən yerli toyuq əti satılır.    

Keçən il ölkədə 1,5 mln. ton yumurta istehsalı edilib

Dövlət Statistika Komitəsinin məlumat bazasında 2010-cu ildə ölkədə 1 178 586 ton yumurta istehsal edilib. 2011-ci ildə 1 010 997 ton, 2012-ci ildə 1 226 711 ton, 2013-cü ildə 1 401 472 ton, 2014-cü ildə 1 562 744 ton, 2015-ci ildə də 1 552 916 ton yumurta istehsal edilib. Göründüyü kimi daxili istehsal ilbəil artıb. Bunun da 25 734 tonu 2010-cu ildə, 29 4895 tonu 2011-ci ildə, 53 900 tonu 2012-ci ildə, 1 170 tonu 2013-cü ildə, 4 149 tonu 2014-cü ildə, 5 333 tonu da 2015-ci ildə idxal edilib. Ehtiyatların cəmi keçən il üçün 1 588 670 ton göstərilir. İlbəil daxili istehsal həcmi artmaqla bərabər idxalın həcmi azalıb. Rəsmi statistikaya inansaq, bu rəqəm ən son cəmi 5,3 min  civarında olub. Yumurta istifadəsinin statistikası keçən il üçün belədir: inkubasiya məqsədi ilə istifadə edilən 88 748 ton, ərzaq məhsulu kimi birbaşa istifadə edilən 1 462 876 ton, itkilər 6 409 ton, ilin sonuna qalıq 7 417 ton, istifadələrin cəmi 1 588 670 ton. 

100 min ton da quş əti olub

Statistik məlumatlara güvənsək quş əti istehsalında da ilbəil artım baş verib. Göstəricilər belədir. 2010-cu ildə ölkədə 61 752  ton quş əti istehsal edilib. 2011-ci ildə 68 597 ton, 2012-ci ildə 86 518 ton, 2013-cü ildə 94 411 ton, 2014-cü ildə 99 385 ton, 2015-ci ildə isə əvvəlki ildən bir qədər azalaraq 97 211 ton təşkil edib. Ümumilikdə quş ətinin istehsalı da statistikada ilbəil artıb. Bunun da 26 050 tonu 2010-cu ildə, 17 400 tonu 2011-ci ildə, 11 982 tonu 2012-ci ildə, 1 423 tonu 2013-cü ildə, 2 155 tonu 2014-cü ildə, 1 405 tonu da 2015-ci ildə idxal edilib. Ehtiyatların cəmi keçən il üçün 102 018 ton göstərilib. Göründüyü kimi, ilbəil daxili istehsal həcmi artmaqla bərabər idxalda ciddi azalma müşahidə edilib. Quş əti istifadəsinin statistikası isə keçən il üçün belədir: Ərzaq məhsulu kimi birbaşa 100 130 ton istifadə edilib. İtkilər 498 ton olub, ilin sonuna qalıq 1 390 ton təşkil edib. Göründüyü kimi, quş əti və quş yumurtası idxalının payı ümumi statistikada demək olar ki, cüzidir. Belə çıxır ki, hökumətin bu ərzaq məhsullarının daxili tələbatı ödədiyi barədə söylədikləri gerçəkdən heç də uzaq deyil. 

Azərbaycan istehlakçısı normadan az yeyir  

Bu statistikaya rəğmən ekspertlər ölkədə daxili istehsalın tələbatı ödəmədiyini iddia edirlər. Kənd təssərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azadlıq.org-a bildirib ki, ölkədə istehsal azalır, bu da bahalaşmaya gətirən amildir. İstehsalın azalması, öz növbəsində, idxal məhsullarının artmasını şərtləndirir. V.Məhərrəmov: "İndi idxal məhsullarına tətbiq olunacaq bu rüsumlar qiyməti bahalaşdıracaq. Biz ətə tələbatın yalnız 38 faizini daxili istehsal hesabına ödəyirik. Adambaşına 84 kiloqram norma olduğu halda, yalnız 34-35 kiloqram təmin edə bilirik. Digər ölkələrdə adambaşına 25 -30 kiloqram quş əti istehsal və istehlak olunur. Azərbaycanda bu göstərici 9-10 kiloqram arasındadır. Bizdə yumurta istehlakı da aşağı səviyyədədir, normanın təxminən 50 faizini istehlak edirik. Ölkədə bu məhsulların qiymətinin yüksək olması həm də onunla bağlıdır ki, tələbat qədər təklif yoxdur. Bu halda məhsul qıtlığı olanda, qiymət yüksəlir. İndiki halda yeni rüsumların tətbiqi ölkəyə idxal olunan məhsulun qiymətini artıracaq. Yetərincə məhsul istehsal olunmadığından daha bahasını əldə edəcəyik. Əgər bir kiloqrama əlavə təxminən 1 dollar xərc çəkiləcəksə, ölkəyə gətirilən quş ətinin qiyməti iki dəfə artacaq. Yumurtanın qiymətində də 2 dəfə artım olacaq. Digər məhsullarda 20 faizdən 100 faizədək bahalaşma gözlənilir. Bu, çox ciddi məsələdir. İndiyə qədər belə hal olmamışdı. Bilirdik ki, idxalda 15 faizə qədər standart gömrük idxal rüsumu tətbiq edilir. Bundan başqa xərclər olsa da, bütün bunlar hamısı birlikdə daha ucuz məhsul idxalına imkan yaradırdı. İndiki halda isə bu mümkün olmayacaq. Düşünürəm ki, hökumət bu rüsumların tətbiqiylə büdcəyə daha çox vəsait cəlb etmək məqsədi güdür”.

Yerli məhsullar xaricdəkindən bahadır

Azadqadin.az bildirir ki,"Bizim Yol” qəzeti "Azersun Holding”-in istehsalı olan bir sıra məhsulların qiymətini qonşu ölkələrlə müqayisə etmişdi. Məlum olmuşdu ki, bizdə qiymətlər Rusiya və Ukrayna kimi ölkələrdən xeyli dərəcədə bahadır. Ekspertlərə görə, qonşu dövlətlərdən fərqli olaraq Azərbaycanın idxaldan asılılığı daha çoxdur. Ərzaq məhsullarında da idxaldan ciddi asılılığımız var. İdxaldan asılılıq artdıqca manatın dəyərdən düşməsi davam edir, bu da nəticə etibarilə qiymətlərə ciddi təsir göstərir.

Qaracaqiz | 4 oktyabr 2016 00:46 | Status: VİP user | Şərh: 1 882
Pahh her gün qiymetler qalxırda onsuzda.Eh toxun acdan xeberi olmaz buna deyibler.Öz ölkemizde bütün mehsullar istehsal olunsa bu qederde bahalıq olmaz buda bezi imkanlı şexslete serf etmirde.Çünki gömrüyü bahene efib milletin qanını sorurlar vampir kimi gözleride doymur.Torpaq doydursun ne deyek daha
B.Fereh | 3 oktyabr 2016 22:00 | Status: Nəzarətçi | Şərh: 6 976
Gomruk rusumu qalxacaqsa,qiymetlerin qalxmasi qacilmazdir.Guya daxili istehsalata komek meqsediyle edirler.Yaxwi da soz tapirlar behane ucun...oyrencelidirler axi.
nurane nurane | 3 oktyabr 2016 20:51 | Status: VİP user | Şərh: 1 016
gozumuz aydin