Aktual / Xəbəriniz olsun!

700 bal toplamış şəhid Müşfiq Orucovun tükürpədən faciəsi

Banu. | 27-04-2016, 10:14
7 182 9

 

 

..Dar və təmirsiz dəhlizdən keçib yarıqaranlıq otağa daxil oluruq. TQDK-nın təşkil etdiyi qəbul imtahanında 700 bal toplamış şəhid Müşfiq Orucovun hüzür mərasimi burada - H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasındakı kiçik otaqda keçirilir. İki nəfərlik masa və bir divandan ibarət mebeli olan otaqda hər gün onlarla qonaq qarşılanır. Qapının arxasındakı balaca masanın üstündə isə yemək, çay hazırlanır. Divara Müşfiqin müxtəlif illərdə çəkdirdiyi şəkillər vurulub.

"Öz evimizdə gəlib-gedənləri qarşılamağa şərait yoxdur. Bu otaqda nənəsi yaşayır. Yenə də bizim otağımıza baxanda bura genişdir”, - deyərək gözüyaşlı şəhid anası Aygün Orucova oturmağa yer göstərir…

Sosial şəbəkələrdə Müşfiq Orucovun ailəsinin mənzillə təmin edilməsi məqsədilə kampaniyaya başlanıb. "700 bal toplamış şəhidin ailəsinin sosial durumu bərbad vəziyyətdədir. Ailə təcili mənzillə təmin edilsin” tələbi ilə başlayan kampaniyaya artıq yüzlərlə insan qatılıb. Ailəyə pul yardımı etmək istəyənlər olub. Lakin şəhidin valideynləri yardımları qəbul etməyiblər.

Virtualaz.org saytının əməkdaşları da şəhidin evində olub və ailəsinin durumu ilə maraqlanıb.

Ailənin məskunlaşdığı otaqda yaşamaq təhlükəlidir. Otağın tavanı, döşəməsi dağılıb.

"Müşfiqin dərs oxumağa ayrıca masası belə yox idi”. Bunu da anası deyir.

Otaqda balaca masa var. Çox zaman həmin masada yemək hazırlandığından Müşfiq stol əvəzinə nərd taxtasını qucağına alaraq üstündə dərslərini hazırlayırmış.

"Zəngilandan gələndən sonra yataqxanada balaca bir otaqda məskunlaşdıq. Yayda istidən, qışda soyuqdan qala bilmirdik. Otaqda balaca bir masa qoyub, üstündə yemək hazırlayırdım. Müşfiq də nərd taxtasından özünə masa düzəltmişdi, dərslərini orada oxuyurdu. O qədər əziyyət çəkirdi ki…” - gözüyaşlı ana sözünə davam edir.

…Müşfiqin ölüm xəbəri ailəyə aprelin 4-də deyilib. Valideynlərinə onun Talış kəndi istiqamətində gedən döyüşlərdə həlak olduğunu söyləyiblər. Aygün xanım deyir ki, Müşfiq Naftalanda xidmət edirmiş. "Martın 29-da danışdıq, dedi ki, vəziyyətim yaxşıdır. Hər 3 gündən bir əlaqə saxlayırdı. Ayın 2-də döyüş başlayıb, onları da köməyə aparıblar. Biz ölüm xəbərini ayın 4-də axşam eşitdik”.

Müşfiqin tələbə yoldaşlarının hamısı Bakıda hərbi xidmət keçir. Müşfiq isə rayona göndərilib. Uşaqlıqdan Zəngilanla bağlı o qədər xatirələr danışıblar ki, Müşfiq torpaqların azad olunması üçün döyüşmək istəyib. "Hər il Şəhidlər Xiyabanına gedirdik. Şəhidlər üçün göz yaşı tökürdüm, işğal olunmuş topraqlardan danışırdım. İstəyirdim ki, Müşfiq də elinə, obasına bağlı olsun. Bəlkə də, onu bu cür böyütməsəydim, heç ölməzdi”, - deyə Aygün xanım yenidən ağlayır.

"Müşfiq dərsdən sonra yataqxananın yaxınlığındakı şadlıq sarayında ofisiant işləyirdi. Musiqi məktəbində təhsil alırdı, yaxşı tar çalırdı. Hətta vaxt tapıb idmanla da məşğul olurdu. Elə bil daim tələsirdi. 23 illik həyatı əzab-əziyyətlə keçdi”. Bunu isə bibisi deyir.

…Müşfiqin ölümü yalnız ailəsini, onu tanıyanları deyil, bütün milləti üzdü. Yaraşıqlı şəhidi sevən naməlum qız isə başdan-başa kül oldu. "Qəbrin üstünə məktub qoyub. Bilmirik kimdir, amma məktubun məzmunundan bəlli olur ki, onlar həyatda görüşməyiblər. Qız Müşfiqi tanıyıb, sevib. Məktubda yazıb ki, bəlkə də nə vaxtsa görüşəcəyimizə ümid edirdim. Bəlkə də qız Müşfiqlə yazışıb, amma görüşməyiblər. Məktub mətbuatda yayıldı. Elə bildim qız yayıb. Sonra öyrəndik ki, qəbir üstünə gələnlər məktubu çəkərək sosial şəbəkədə paylaşıblar. Deyirdim ki, 30 yaşında evlənərsən. İşləyəndən, ev alandan sonra balam yaxşı gün görəcəkdi”.

…Ailə sosial şəbəkədə keçirilən kampaniyadan xəbərsizdir. "Məcburi köçkün kimi qeydiyyatdayıq. Yəqin nə vaxtsa bizə də ev verəcəklər. Amma Müşfiqin adının əbədiləşdirilməsini istəyirəm. Ölkənin birinci xanımı Mehriban Əliyevanın köməkçisi zəng vurmuşdu. Ona da bu istəyimi bildirdim. Mən və həyat yoldaşım 25 ildir Zəngilan məktəbində dərs deyirik. Müşfiq də o məktəbdə təhsil alıb. İstəyirik ki, təhsil aldığı məktəbə Müşfiqin adını versinlər”.

Ana Müşfiqin diplom və "vinetka”sını qucaqlayıb hönkürür. Bu mənzərəni təsvir etməkdə söz belə acizdir.

Ən ağrılısı da odur ki, 700 bal toplamış şəhidimiz o dar daxmada illərlə çəkdiyi zəhmətinin bəhrəsi olan diplomunu belə görə bilmədi. İndi heç bir əhəmiyyəti olmayan o sənəd və fotoları ailənin yeganə təsəllisidir…

Ülviyyə Xudiyeva

Gülnar Əliyeva



buxqalter | 4 mart 2017 16:08 | Status: VİP user | Şərh: 1 212
dehwetdi....axira qeder oxuya bilmedim.bucur savadli ezimli iradeli insan ele tez tez dunyaya gelmir.bele insanlari qorumag lazim idi.olar arxa cebhede olmali idi.o bizim geleceyimiz idi.heyif o cur ogludan

sobhet tekce 700bal yigmagindan getmir.o weraitde o bali yigmagdan gedir.

o uwagin xatiresine onun valideynleri o weraitde yawamamalidi.
sama633 | 27 aprel 2016 17:16 | Status: Şərhçi | Şərh: 422
Çox təsirlidi.Allah ailəsinə səbr versin disappointed_relieved
ESMERRi | 27 aprel 2016 17:00 | Status: Brilliant user | Şərh: 5 378
Allah səbr versin valideyinlərinə .çox ağır dərddi.
SEVDA | 27 aprel 2016 16:29 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah sebr versin bűtűn wehid analarına....
dılay | 27 aprel 2016 15:38 | Status: Brilliant user | Şərh: 8 183
Allah rehmet etsin !
Mansi | 27 aprel 2016 13:40 | Status: Şərhçi | Şərh: 344
allah rehmet elesin cox agirdi
guluz.ilahe | 27 aprel 2016 12:28 | Status: Qonaq | Şərh: 0
Axira qedet oxuya bilmedim ureyim agridi. Allah rehmet elesin nur icinde yatsin
Hali | 27 aprel 2016 11:40 | Status: VİP user | Şərh: 484
Menim gozel yarawiqli Whidim seni men taniyirdum.bilirdim çox eziyyet çekirdin.gunler keçsede sensiz çox darixiriq.sensizlik bizi yazdirib yaxir.allah sene rehmet elesin.nur içinde yat wehidim.Muwfiqim...
B.Fereh | 27 aprel 2016 11:39 | Status: Nəzarətçi | Şərh: 6 975
Allah rehmet elesin!
Inwallah mektebe Muwviqin adi veriler,anasi cuzi de olsa teselli tapar:((