Aktual / Xəbəriniz olsun!

Polietilen torbalar: Dünya ondan imtina edir, bəs alternativi nədir?

Lale Mehrali | 3-12-2011, 20:00
9 173 32

 

 

 


 Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır...

 

Polietilen paketlərin və plastik qabların istehsalı təxminən 35 il əvvəl başlanıb, lakin biz onlarla SSRİ-nın dağılmasından sonra tanış olduq. O vaxtlar ekoloji və maddi baxımdan daha sərfəli olan kağız və parça torbalar, şüşə qablar istifadə olunurdu. İndi isə tərəvəzdən tutmuş, kitaba, paltara qədər  hər şeyi polietilen torbalarda və plastik qablarda alırıq. Mağazalarda təklif edilən məhsulların demək olar ki, 99%-i polietilen və plastik qablaşdırmadadır. İndi bir çoxumuz sellofan torbaların olmadığı bir həyat düşünə bilmirik.


Polietilen torbalardan imtina edən ölkələr getdikcə çoxalır


Amerikada aparılan ən son araşdırma ekoloq alimlərin böyük reaksiyasına səbəb oldu. Araşdırma nəticəsində məlum oldu ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə 1 trillion) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Alış-verişlərin ən başlıca yardımçısı hesab edilən bu torbaların təbiətə vurduğu zərərin sayı hesaba gəlməyəcək qədər çoxdur.

 

İndi dünya ölkələrində bu prossesi yavaşlatmaq üçün müəyyən tədbirlər də görülür. İngiltərədə 15 ildir polietilen torbaların istifadəsində ediləcək qadağalarla bağlı bir araşdırma üzərində işlənirdi. Artıq bu ölkədə sellofan-plastik-polietilen torbaların istifadəsinə icazə verilmir. Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrin hökümətləri də sellofan paket istifadə edilməsini yasaqlayıb. Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir.

 

 

 

 

Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək" adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axışını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.


15 dəqiqəlik yardımçımız 1 əsr  bizə zərər verir

 

Küçələrdə, qəzet köşklərində, xırdavat mağazalarında, parklarda, bazarlarda, market və mağazalarda- bir sözlə hər yerdə satılan polietilen torbalar alış-veriş zamanı heç imtina etməyəcəyimiz yardımçılarımızdır. Çox ucuz qiymətə təklif edilən, mağazalarda pulsuz verilən bu torbaların ekologiyaya vurduğu dəhşətli zərərləri gözlə görüləcək həddədir. Bütün zibil qutuları ağzınadək bu torbalarla doludur. Külək əsəndə havada bu torbaların necə rəqs etdiyini görürük.

 

Təxminən 10-15 dəqiqə istifadə etdiyimiz paketlərin təbiətdə 800 (hətta 1 əsr) il çürümədiyini bilirdinizmi? Bu torbaların qalıqlarının tamamən yox olması üçün ən az 1000 il lazım gəlir. Bir çoxları düşünə bilər ki, bu paketlər də istehlak edildikdən sonra geri qaytarıla və yenidən istehsal edilə bilər. Doğrudur, bu mümkündür, amma geri qaytarılan torbalar istehlak edilənin 1%-ni təşkil edir, 99% sellofan torba yenə də təbiətə atılır. Ayrıca təkrar istehsalı daha da təhlükəli və zərərli olur.

 

Təbiətə atılmış polietilenlər isə çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çirkləndirir. Dənizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları tıxayır, yollarda xəzan əvəzinə sellofan torbalar uçuşur.

 

Polietilen paket istehsalı neft və təbii qaz kimi bərpa olunmayan təbii enerjinin get-gedə azalmasına və çirkliliyinə gətirib çıxarır. Ekoloqlar bildirir ki, bir sellofan torbanın istehsalına xərclənən enerji bir avtomobilin 115 metr irəliləməsinə kömək edə bilər. Başqa bir tərəfdən, sellofan torbalar təbiətdə çürümədiyindən onların təmizlənməsi üçün xüsusi qurumlara və insanlara gərək duyulur ki, bu da əlavə xərc və ya vergi deməkdir.

 

 

 


Dənizdəki bütün canlıların mədəsində plastik qalıq var

 

Dənizə atılmış sellofan torbaları delfin, fok, balina, çanaqlı bağalar və bu kimi bir çox dəniz heyvanları yemək sanıb yeyirlər. Bu da onların həzm sistemlərinin pozulmasına gətirib çıxarır və ölümlərinə səbəb olur.

Bir sellofan torbanın bir meşənin yanmasına səbəb olduğunu bilirdinizmi? Sellofan torbalar şəffaf olduqları üçün, bir binanın istixanasındakı bütün istiliyi əməcək qədər gücü var, bu istiliyi əmən polietilen torba isə yanğına səbəb ola bilir. Bu torbalar içərisində saxlanan bütün növ qidaların vitaminlərini də məhv etmə gücünə malikdir.

 

Rusiyada aparılan başqa bir araşdırma zamanı isə məlum oldu ki, okeanda səfərdə olan gəmilər ildə 3 milyon 700 min kiloqram polietilen torbanı dənizə atır. Ekoloqlar deyir ki, dünyanın səthinin bu günə qədər plastik zibilliyinə dönməməsinin səbəbi, dəniz dibinin zibillik kimi istifadə edilməsidir. Ekoloqlar deyir ki, Antarktidadan  tutmuş Arttikaya qədər dünyada nə qədər dəniz heyvanı varsa, demək olar ki, hamısının mədəsində plastik tullantılar var.


“Kağız və parça torbalar daha bahalı olduğundan ucuz varianta qaçırıq”

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofan qablaşdırmaya üstünlük verirlər: “Polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük zərər onların ekologiyaya vurduğu zərərdir. Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir.

 

Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri  toplayaraq onlardan təkrar istifadə edir. Bu torbalara qadağa qoyulması mütləqdir, gələcəyin qorunması üçün. İndi bir sıra Avropa ölkələrilə yanaşı, keçmiş sovet ölkələrindən bəzilərində də sellofan torbalara qadağalar tətbiq edilir”.

 

Həkim-dermatoloq Sənubər Xankişiyeva isə bildirir ki, bu torbalar insanın immun və əsəb sisteminə olduqca ciddi və mənfi təsir göstərir: “Polietilen torbaların insan orqanizmi üçün zərərli olduğu danılmazdır, çünki bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir.

 

Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Əgər onlardan imtina edə bilmirsinizsə o zaman onlardan yararlanarkən öncə etiketinə baxın - yeyinti yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ola bilər ki,  istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina etmək lazmdır”.


Kağız və parça torbalara geri dönmək lazımdır

 

Yeri gəlmişkən, “Sağlam Toplum” İctimai Birliyi polietilen torbalarla bağlı sorğu keçirib, nəticə çox maraqlı olub. Respondentlərə “Alış-verişdə hansı torbalardan istifadə edirsiniz?” sualı ünvanlanıb. Soğruda iştirak edən 49 nəfərdən 44-ü polietilen-sellofan torbalardan istifadə etdiyini deyib, 2 nəfər  parça torbadan, 1 nəfər kağız torbadan istifadə etdiyini bildirib. Bir nəfərin cavabı isə daha maraqlı olub: “Zərərini bildiyim halda sellofan torbalardan istifadə edirəm”.

 

Polietilen torbalardan imtina etdikdən sonra bir alternativə ehtiyacı var, bəs bunu necə etməli? Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı deyir ki, daha sərfəli variant elə keçmişdəki kimi kağız və parça torbalardan istifadədir:

 

“Xatırlayırsinizsa, bu torbaların istehsalından öncə bazar dükana tor halında hörülmüş torbalarla, parça torbalarla gedirlirdi. Dükandan aldığımız ərzaq kağız torbalarda təklif edilirdi. Diqqət etsəniz indi də bazar-dükanda rus müştərilərin əksəriyyətinin özləri ilə parça torba gəzdirdiyinin şahidi olarsınız. Bir çox sivil ölkələrdə olduğu kimi Azərbaycanda polietilen torbalar və plastik qabların istifadəsi qadagan edilməlidir”.

 

Bir çoxumuzun evində hələ də tor torbalardan qalıb, yaşlı nəslin nümayəndələri hələ də bazara özləri ilə parçadan tikilmiş torbalar aparır. Bu daha çox rayon və kəndlərdə rastlaşdığımız bir durumdur. Daha uzunömürlü və daha sağlıqlı bir vasitə olan parca torbaların istehsalı üçün o qədər də çox vəsait tələb olunmur. Hələlik satışda bu təyinatlı torbalar olmasa da, evdə özümüz də torbalar hazırlaya bilərik.


Bunun üçün xüsusi parça almağa və əlavə xərc çəkməyə də ehtiyac yoxdur. Hər birimizin qarderobunda geymədiyi geyimlərimiz var, daha davamlı və daha sadə bir geyimimizi kvadrat, düzbucaqlı və ya dairəvi şəkildə kəsib 3 tərəfini tikib bir tərəfini açıq qoya və iki tutacaq əlavə edə bilərik. Cəmi yarım saatınızı alacaq bu torba gələcəkdə ailənizi sellofan torbaların zərərindən maksimum qoruyacaq.


Lalə Mehralı

Milli.az