Aktual / Xəbəriniz olsun!

Alkoqol haqqında nağıllar

Fidawka | 7-12-2011, 15:00
2 423 33

 

 

 

 

Birinci nağıl – “Alkoqolun köməyilə tez qızınmaq olar”


Bəzən spirtli içkiləri "qızdırıcı"lar adlandırırlar. Bir çoxları əmindilər ki, spirt orqanizmin temperaturunu artırır və beləliklə, biz "qızışa" bilirik. Hətta soyuqdan donmuş insanın bir qədər spirtli içki qəbul etməsinin xeyirli olduğunu iddia edənlər də tapılır.
Əslində isə bu, yanlış fikirdir. Alkoqol qəbulu dəridə qan axınmı gücləndirir. Dəri qızarır, orqanizmin müəyyən dərəcədə qızışması təsəvvürü yaranır. Lakin bu, aldadıcı hissdir. Çünki dəri qatı qızdıqda istiliyin ətraf mühitə ötürülməsi artır və orqanizm daha intensiv soyumağa başlayır. Bu vəziyyətin bir mənfi cəhəti də odur ki, insanın vəziyyətinin yaxşılaşması haqqında subyektiv hiss yaranır. Bu nəticələr isə spirtli içkilərin orqanizmi "qızışdırması" haqqında yayılan subyektiv fikirlərin həqiqətdən uzaq olduğunu göstərir.

İkinci nağıl - "Alkoqol iştahanı yaxşılaşdırır"


Yeməkdən əwəl iştahanın artması üçün alkoqol qəbulu doğru deyil, çünki bir neçə saniyə I ərzində iştahanı artması mümkün deyil. Eyni zamanda, spirt özünü; "ac" mədənin selikli qişasına qarşı aqressiv aparacaq. Selikli ; qişa, bir tərəfdən, spirtin təsirinə məruz qalacaq, digər tərəfdən, spirt mədədə xlorid turşusunun ifrazını artırdığından selikli qişa zədələnəcək. Bu vəziyyət uzun müddət davam edərsə, qastrit yarana bilər.

Üçüncü nağıl - "Alkoqol stressi aradan götürür"

Çox vaxt insanlar yorğunluğu və ya əsəbi gərginliyi aradan qaldırmaq üçün spirtli içkilərdən istifadə edir. Bu halda hadisələrin inkişafı iki istiqamətdə davam edə bilər. Birinci halda yorğunluq bir qədər də artır, əhval-ruhiyə pozulur, müəyyən depressiya yaranır və bu vəziyyət yorğunluq hissini bir qədər də artırır. İkinci halda "alkoqol eyforiyası" baş verir və bu da öz növbəsində depressiya ilə nəticələnir. Hər iki halda stressin aradan götürülməsindən söz gedə bilməz.

Dördüncü nağıl - "Alkoqol iş qabiliyyətini artırır"



Bir çox insanlar əmindirlər ki, alkoqol qəbul etdikdən sonra işləmək daha asan və rahat olur. Qəbul olunan spirtli içkinin miqdarı çox olduqda bütün reaksiya və hisslər "kütləşir". Hətta az miqdarda içilən alkoqol bu proseslərin pozulmasına səbəb olur. Bu, Avstraliya alimlərinin apardığı tədqiqat nəticəsində aşkar olunmuşdur. Sən demə, az miqdarda alkoqol qəbul edən insanlarda hərəki reaksiyalar bir qədər artır. Lakin bu reaksiyalar səhv olur. Eyni zamanda, alkoqol diqqəti cəmləşdirməyə mane olur və hərəkətlərin analizini çətinləşdirir. Yəni alkoqol qəbul etmiş insan işi tez görə bilər, lakin bu iş keyfiyyətsiz və səhvlərlə dolu olacaq.

Beşinci nağıl - "Alkoqol arterial təzyiqi azaldır"


Hipertoniya xəstəliyi olan pasiyentlərin çoxu düşünür ki, qan təzyiqini spirtli içkilər vasitəsilə azaltmaq olar. Onların fikrincə, alkoqol damarları genişləndirir. Bunda müəyyən həqiqət var. Lakin damarları genişləndirməklə yanaşı, alkoqol ürək döyüntülərinin də sayını artırır. Arterial təzyiq isə qan axınına "atılan" qanın miqdarından asılıdır. Bu miqdar nə qədər çox olursa, qan təzyiqi də bir o qədər artır. Eyni zamanda, alkoqolun tərkibində bioloji fəal maddələr mövcuddur. Bu birləşmələr isə qan təzyiqinə mənfi təsir göstərir.

Altıncı nağıl - "Keyfiyyətli Alkoqol zərər yetirmir"


İstənilən spirtli içki orqanizmə, toksiki təsir göstərir. Məsələ bundadır ki, etil spirtinin parçalanma məhsullarından biri sirkə aldehididir. Və spirtli içkinin keyfiyyətindən asılı olmayaraq, bu maddə orqanizmə öz mənfi təsirini göstərir. Keyfiyyətsiz içkilər isə, təbii ki, orqanizmə daha dağıdıcı təsir edir.

Yeddinci nağıl - "Alkoqol soyuqdəymənin dərmanıdır"



Bəziləri soyuqdəymədən araq ilə müalicə olunmağa çalışırlar. Daha doğrusu, arağa bal, alma, istiot qatıb içirlər və hesab edirlər ki, bu, ən yaxşı müalicə üsuludur. Bu insanların fikrincə, belə qarışıqlar bədən hərarətini endirir, zökəmi dayandırır, boğazda ağrını aradan götürür və s. Bu inancın hansı mənbədən qaynaqlandığını heç kim bilmir. Ola bilsin ki, başqa millətlər bundan istifadə edirlər. Önəmli olan budur ki, müasir təbabət bu "müalicə üsulu"nu qəbul etmir. Birincisi, arağın immuniteti zəiflətməsi alimlər tərəfindən çoxdan sübut olunmuşdur. İkincisi, spirt iltihablaşmış boğazın selikli qişasına mənfi təsir göstərir. Bu "müalicə"dən sonra xəstənin boğazı daha çox ağrıyır. Bir sözlə, bu nağıl da nağıl olaraq qalır.

Səkkizinci nağıl - "Pivə Alkoqol deyil"

Spirtli içkilər qəbul edən adamların arasında belə fikir mövcuddur ki, pivə zəif alkoqollu içki olduğu üçün orqanizmə ziyan vurmur. Bu, çox yanlış fikirdir. Başqa içkilərə nisbətən pivənin tərkibində alkoqol həqiqətən azdır. Lakin bu, o demək deyil ki, pivə zərərsizdir. Bu içki də alkoqolludur və alışqanlıq əmələ gətirir.
Son illər mütəxəssislər "pivə alkoqolizmi" terminini tez-tez işlədirlər. Eyni zamanda, pivə qaraciyər və ürəyə heç də digər spirtli içkilərdən az zərər yetirmir. Pivənin təsiri nəticəsində bu orqanlarda dəyişikliklər əmələ gəlir və onların normal funksiyaları pozulur. Bu içkinin çox qəbul olunması tezliklə sizin səhhətinizdə mənfi dəyişikliklərlə özünü göstərəcək.

Doqquzuncu nağıl - "Alkoqol kalorili deyildir"

İnsanlar çəkilərinə nəzarət etmək üçün yedikləri qidaların kalorisini hesablayırlar. Amma qəbul etdikləri içkilərin kalorisini hesablamaqdan yan keçirlər. Alkoqol isə çox yüksək enerjiyə malik mayedir. Özü də içki nə qədər tünd olursa, bir o qədər də kalorili olur. Bu göstərici araqda daha yüksəkdir. Ümumiyyətlə, istənilən spirtli içki yüksək kalorilidir. Ona görə də hər hansı spirtli içkini qəbul etməzdən əvvəl sağlamlığınızla bərabər, artıq çəki haqqında da düşünün.

Nərgiz Kazımlı