Aktual / Xəbəriniz olsun!

Azərbaycanda nikah bağlamaq istəyənlərin hansı xəstəxanalarda tibbi müayinə olunacağı açıqlanıb

Banu. | 30-05-2015, 11:23
4 553 10
Azərbaycanda nikah bağlamaq istəyənlərin hansı xəstəxanalarda tibbi müayinə olunacağı açıqlanıb


Mayın 29-da Əziz Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşmə İnstitutunda Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Elmi Təhqiqat institutları, Bakı və bölgələrdəki tibb müəssisələrinin, habelə, Prenatal mərkəz və bəzi özəl tibb müəssisələri rəhbərlərinin iştirak etdiyi kollegiya toplantısı iki əsas mövzuya həsr olunub:
1 iyun 2015-ci il tarixindən tətbiq ediləcək nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları;
Səhiyyə Nazirliyinə daxil olan ərizə və müraciətlərin müzakirəsi.

Kollegiyada Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edib. Bildirib ki, Ümdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insan talassemiya daşıyıcısı və təxminən 300 min insan talassemiya xəstəsidir. Bu xəstəliklər ən çox Kipr, İtaliya, Türkiyə, Yunanıstan, Misir, İran, Pakistan, Hindistan və Çində yayılıb.

Qeyd edilib ki, Azərbaycan da bu xəstəliyə düçar olan vətəndaşlar var. Bildirilib ki, Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub, onların donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin olunub.

Hazırda Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mərkəzdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyinin köçürülməsi əməliyyatı uğurla aparılıb.

G.Poladov qeyd edib ki, Azərbaycanda sağlam ailənin formalaşması, maarifləndirmə, xüsusilə risk qruplarının müəyyən edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin icbarı tibbi müayinədən keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanun və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minir.

Fərmanın icrası ilə bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 aprel tarixində müvafiq qərar verib. Qərara uyqun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilib.

Qaydaya uyqun olaraq tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçiriləcək.

Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər.

Şöbə müdiri vurğulayıb ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir.

G. Poladov qeyd edib ki, qaydalara əsasən, nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yalnız yazılı razılıqlarına əsasən cütlüyə birlikdə həkim məsləhəti verilə bilər. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilirilməlidir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

Qeyd olundu ki, arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

G.Poladov qeyd edib ki, qarşıda qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılıb. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsinə cəlb edilən səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib.

Bu tədbirləri Azərbaycan Respublikasının regionlarında Mərkəzi Rayon Xəstəxanaların və ya Şəhər Xəstəxanalarının, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər.

Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılıb və marşrutları müəyyən edilib.

Eyni zamanda Hematologiya İnstitutunda talassemiyanın profilaktikası şöbəsi yaradılıb. Şöbə talassemiyanın təsdiqedici müayinələrin keçirilməsi üçün müasir standartlara uyqun bütün lazımı laborator avadanlıq və kadrlarla təmin olunub.

Səhiyyə Nazırliyinin 77 nömrəli əmrinə uyqun olaraq Rayon Mərkəzi Xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb. Yaradılan kabinetlərin həkimləri Akademik Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunda 2 həftəlik və Respublika Talassemiya Mərkəzində 1 həftəlik təlim kurslarında iştirak ediblər. Həmçinin bu həkimlər Hematologiya İnstitutunda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə qaydaları ilə bağlı təlimə cəlb olunublar. Bu müəssisələrin laboratoriya həkimləri isə yerlərdə skrininq testlərin aparılması üzrə müvafiq təlim keçiblər.

G.Poladov statistik rəqəmlərə nəzər salaraq qeyd edib ki, 2013-2014-cü illərin statistikası göstərir ki bir ilə orta hesabla respublikamızda 85 -90 min nikah qeydə alınır. Bu isə 170 -180 min şəxsin müayinə olunması deməkdir. Bunlardan təxminən 24 % Bakı şəhərinin payına düşür, qalan 76 % respublikamızın regionlarına aiddir. Beləliklə, orta hesabla Bakı şəhərində bir gündə 50-60, regionlarda isə 180 yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda isə 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.

Daha sonra Səhiyyə naziri Oqtay Şirəliyev nikahdan əvvəl icbari tibbi müayinənin əhali üçün, gələcək nəsil üçün, bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımı tədbirlər yüksək səviyyədə hazırlanıb.

O.Şirəliyev daha sonra kollegiyanın ikinci mövzusu olan, Səhiyyə Nazirliyə daxil olmuş müraciət və təkliflərin, habelə qaynar Xətt Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması mövzusunu önə çəkib. Nazir Səhiyyə Nazirliyini tərkibində yaradılan və əhalinin müraciətlərinin dinlənilməsi və qısa vaxt ərzində həll olunması baxımından Səhiyyə Nazirliyinin tərkibində yaradılmış E-səhiyyə xidmətinin işinin təşkilindən danışıb. Nazir öz çıxışında dövlət və ya özəl tibb müəssisələrinə rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb. Nazir sonda bir daha Səhiyyə Nazirliyinin ünvanına daxil olan çoxsaylı minnətdarlıq müraciətləri ilə yanaşı digər məktubların, o cümlədən, işlə təminat, xəstəlik problemləri ilə əlaqədar istənilən müraciətin cavabsız qalmaması, diqqətlə nəzərdən keçirilməsini, və ünvanlı şəkildə araşdırılmasına dair göstərişlər verib.

dılay | 17 noyabr 2015 15:04 | Status: Brilliant user | Şərh: 8 184
Bizden kecib daha
milashka_167 | 10 noyabr 2015 14:47 | Status: VİP user | Şərh: 1 452
Bizden kecib uje..))
Ay_Sun | 31 may 2015 13:40 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Nigaha hazırlawanlar oxuyub maariflensinler....

Duzdur bacim.
Billurə | 31 may 2015 11:58 | Status: Professional user | Şərh: 4 892
Bunun mənə aidiyyatı yoxdu çünki biz çoxdan ərizə yazmışıq, qanun iyunun 1-dən qüvvəyə minir. Əvvəldən gedib ərizə yazanlara bunun daxli yoxdur.
SEVDA | 31 may 2015 02:37 | Status: Nəzarətçi | Şərh: 17 441
Nigaha hazırlawanlar oxuyub maariflensinler....
Nergiz love | 31 may 2015 00:34 | Status: Professional user | Şərh: 7 871
Sitat: kiraz mevsimi
Tesekkurler xeber ucun.
Nagizade.Leyla | 30 may 2015 13:16 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler..
Real Madrid CF | 30 may 2015 12:17 | Status: Qonaq | Şərh: 0
Tesekkurler xeber ucun.
Sunay Elizade | 30 may 2015 11:36 | Status: Gümüş user | Şərh: 2 156
xebere gore twk
Ag Gul | 30 may 2015 11:30 | Status: Professional user | Şərh: 4 333
Xoşbəxt olsunnar...