Aktual / Xəbəriniz olsun!

“Azercell”in inanılmaz maxinasiyaları – Araşdırma: "Azercell"in ağlasığmaz rouminq tarifləri məni şoka salıb"

Banu. | 2-10-2014, 14:09
6 727 12



Azərbaycanda fəaliyyət göstərən mobil telefon operatorlarının xidmətlərindən narazı olanların sayı azalmaq bilmir. Bu narazılıq xüsusilə "Azercell Telekom” şirkətindəndir.

Şirkətə məxsus olan "Sim" istifadəçiləri indi də şirkətin təklif etdiyi kampaniyaların fırıldağı ilə üzləşib. Bu isə "Azercell" rəhbərliyini çox da maraqlandırmır... 4 milyona yaxın abunəçisi olan şirkət üçün belə acınacaqlı vəziyyət heç də yaxşı gələcək vəd etmir, çünki vətəndaşlar aldadıldıqlarını başa düşəndən sonra mobil operatoru dəyişməyə qərar verirlər. Və bu cür hallara son vaxtlar tez-tez rast gəlmək olur. Belə olan halda abunəçilər daha çox ucuz xidmət göstərən mobil operatorlara üz tuturlar.
Şikayətçilər isə müxtəlif mətbuat orqanları vasitəsilə etirazlarını dilə gətirərək bu mobil operatorun qeyri-qanuni yollarla milyonlar qazandığını iddia edirlər. Onların fikrincə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla "Azercell" abunəçilərinin neçə aldadıldığını görmək olar.

Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. "Azercell"in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik, yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ölkədəki "Azercell" istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir.

Əslində, "sim" istifadəçilərinin səsləndirdiyi ittihamlarda həqiqət var. Belə ki, şirkət danışıq tariflərinin ucuzluğu, şirnikləndirici SMS-lər, yalançı kampaniyalar və digər üsullarla müştəriləri ələ alaraq mədəni formada onların cibinə girirlər. Araşdırmalar zamanı öyrənirik ki, şirkətin fəaliyyətindən narazı olan şəxslərdən biri də məşhur model Validə Abbasovadır.


O bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamada 6 gün İtaliyada olduğu müddətdə "Azercell" şirkətinin rouminq xidmətlərindən istifadə etdiyi üçün şirkətə 1200 manat məbləğində hesab ödəməli olduğunu deyib: ""Azercell"in ağlasığmaz rouminq tarifləri məni şoka salıb. Bir həftə ərzində xarici ölkədə olmuşam, bu şirkət mənə 1200 manat hesab göndərib. Bu qədər məbləğ hətta bir həftəlik danışıq hesabından da çoxdur. Bundan başqa, hesab kağızında bu qədər vəsaitin hansı şəkildə toplanması izah olunmayıb. Həftə boyu 200 manatlıq danışıq ağlasığmazdır.

Konkret olaraq belə qənaətə gəlmək olar ki, şirkət abonentləri nəzarətsiz şəkildə aldadır. Özünü Azərbaycan bazarında liderlərdən biri kimi təqdim edən şirkətin tarif hesabındakı göstəricilər, atdığı addımın dünyada analoqu yoxdur. Şirkətdən mənə bildirdilər ki, 6 gün ərzində 1200 manat hesab toplanması İtaliya operatorları ilə danışığın nəticəsidir ki, burada GPRS və 3G xidmətlərindən istifadə olunub. Maraqlıdır ki, bu operatoru "Azercell" şirkəti özü tövsiyə edib və onların arasında müqavilə var. Belə çıxır ki, "Azercell" soyğunçuluqla məşğul olan mobil operatorlar ilə əməkdaşlıq qurur? "Azercell" şirkəti öz abunəçilərinin maraqlarını qorumalı, onların büdcəsinə xeyirli vasitələrdən istifadə etməlidir. Mən əminəm ki, dünyada belə miqdar və müqavilənin analoqu yoxdur, təkcə "Azercell" abunəçiləri özlərini aldadılmış hesab edə bilərlər".

Sözügedən şirkətin müştərilərini aldatması və onlara keyfiyyətli xidmət göstərməməsi ilə bağlı daha bir faktı diqqətinizə çatdırmaq istəyirik. Nailə Hüseynova adlı xanım Vergilər Nazirliyinə "Şirkətin adında olan nömrə üçün nəyə görə iki dəfə pul ödəməliyəm" sualını ünvanlayıb: "ASAN imzada elektron imza üçün şirkətin adına olan "Azercell" nömrəsini qeydiyyata aldırdıq. Müəyyən müddətdən sonra şirkətdə rəhbər dəyişikliyi baş verdiyindən həmin nömrəni yeni rəhbərin adına qeydiyyata aldırmaq istəyəndə ASAN imzada xidmət göstərən "Azercell"in nümayəndəsi və sertifikat verən şöbənin əməkdaşı həmin nömrənin hesabına yenidən 154 AZN pulun ödənilməsini tələb etdilər. Səbəb kimi "bunu vergi orqanından soruşun” cavabını aldım. Sualım budur ki, rəhbər dəyişikliyi baş verdikdə şirkətin adında olan nömrə üçün nəyə görə iki dəfə pul ödəməliyəm".

“Azercell”in inanılmaz maxinasiyaları – Araşdırma: "Azercell"in ağlasığmaz rouminq tarifləri məni şoka salıb"


Vergilər Nazirliyinin rəsmiləri isə xanıma "Bildiririk ki, elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinin təmin olunması məqsədi ilə tətbiq edilən "ASAN imza" xidməti zamanı istifadə olunan SİM kartın qiyməti mobil operatorlar tərəfindən müəyyən olunduğundan bu qiymətlərin formalaşması barədə müvafiq məlumatın alınması üçün həmin mobil operatorlara müraciət etməyiniz daha məqsədə müvafiqdir.
Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən göstərilən sertifikat xidmətləri, o cümlədən verilən sertifikatların addan-ada keçirilməsi ödənişsiz həyata keçirilir" cavabını verib.

Göründüyü kimi, "Azərcell" müştərilərin etibarından necə lazımdırsa istifadə edərək onlardan əlavə pul qopartmağa çalışır və əksər hallarda buna nail olur. İstehlakçıların hüquqlarını kobud şəkildə pozan şirkətin vergi ilə bağlı da bəzi problemləri mövcuddur.

Qeyd edək ki, "Azərcell Telekom" MMC-nin yaranmasının 15-ci ildönümündə vergi hesabatı açıqlanıb. Burda göstərilir ki, "Azərcell" mobil rabitə bazarının 55%-nə nəzarət etməklə 4 milyondan çox abonentin etibarını qazanıb. Şirkətin 15 illik fəaliyyəti ərzində büdcəyə ödədiyi verginin həcmi 940 milyon ABŞ dollarını ötüb. Mötəbər qaynaqların məlumatında isə deyilir ki, şirkətin bu illər ərzində qazandığı gəlir səsləndirilən rəqəmdən qat-qat çox olub. Sadəcə, şirkətin maliyyə və vergi ilə bağlı hesabatlarını aparan şəxslər müxtəlif qanunsuzluqlara şərait yaradaraq əldə olunan qazancın əhəmiyyətli hissəsisinin vergidən yayındırılmasına nail olublar. Beləcə, külli miqdarda vəsait büdcədən gizlədilib. 

Onu da bildirək ki, bir müddət əvvəl "Azərcell"də yoxlama aparılmış və korrupsiya elementləri aşkar edilmişdi. Yoxlamalardan sonra şirkətin dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri Samit Həmidov tutduğu vəzifədən çıxarılmışdı. 
Şirkətdə həyata keçirilən anti-korrupsiya əməliyyatları böyük səs-küyə səbəb olduğundan "Azərcell"in rəhbərliyində ciddi dəyişiklik baş verdi. Belə ki, 2012-ci ildə şirkətin sabiq prezidenti Ali Ağanı Kiril Qaburiç əvəzlədi. 


Ali Ağan


Kiril Qaburiç

Məlumat üçün bildirək ki, Kiril Qaburiç 1976-cı ildə anadan olub. MBA proqramı üzrə Telekom Akademiyasının məzunudur. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, Kiril Qaburiçin gəlişindən sonra "Azərcell"in müştərilərinə göstərdiyi xidmətlərdə heç bir nailiyyət əldə edilməyib. Əksinə, şirkətin fəaliyyətindən narazılıq edən insanların sayı durmadan artır. Belə olan halda, yuxarı instansiyaların rəsmiləri "Azərcell"in fəaliyyətinə nəzarəti gücləndirməlidir. Çünki burda söhbət vergi, reklam qanunvericiliyinin pozulmasından, külli miqdarda vəsaitin vergidən yayındırılmasından, o cümlədən istehlakçıların hüquqlarının tapdalanmasından gedir. 

"Azercell”in fırıldağı bununla tamamlanmır. Misal üçün, avqust ayının 1-dən etibarən sona çatan Bonus kampaniyası ilə bağlı abunəçilərə heç bir məlumat verilmədiyindən abunəçilərin uzun müddət topladıqları xallar batıb və onlar qazandıqları bala müvafiq əldə edəcəkləri konturdan məhrum olublar.



"Azercell”in "3GMAX” internet xidməti ilə bağlı da şikayətlərin sayı-hesabı yoxdur. Belə ki, paytaxt sakini Zaur adlı şəxs iddia edir ki, "Azercell” mobil operator şirkəti onu aldadıb. Bildirib ki, "Azercell”in "3GMAX” abonenti kimi martın 25-dən aprelin 25-dək aylıq ödəniş edib. Amma 5 gün keçdikdən sonra interneti bağlanıb: "İsmarış gəldi ki, "Hörmətli abunəçi, siz nömrəyə təyin edilən danışıq limitini keçmisiz və xahiş edirik avans ödəyəsiz”. Bu isə o deməkdir ki, mənim 5 gün əvvəl internetdən istifadə üçün ödədiyim 10 manat vəsait hesabımdan çıxılıb və xidmət bağlanılıb”.

Şikayətçi deyib ki, bir neçə gün öncə "Azercell”in Bakıdakı ofislərindən birinə yaxınlaşaraq, internet kartının nömrəsini təqdim edib və baş verənlə bağlı narazılığını bildirib: "Şirkətdən bildirdilər ki, martın 30-dan datakartın sistemində problem yaranıb. Nəticədə hesabınıza 14 manat pul ödənməsi tələb olunur. "Nə etməliyəm?” sualımın cavabında isə dedilər ki, "Siz internetinizdən istifadə etmək üçün vəsait ödəməlisiniz. Əks halda sistemdə bu hesab çıxılana kimi gözləməlisiz. Problem həll edildikdən sonra bu məsələyə baxılacaq”. Sonra mobil nömrəmi qeyd edərək, bildirdilər ki, sizinlə əlaqə saxlayacağıq”.

Narazı şəxs vurğulayıb ki, "Azercell”in müştəri xidmətindən hələ də onunla əlaqə saxlayan olmayıb: "Artıq 9 gündür datakartın internetindən istifadə edə bilmirəm. Hesab edirəm ki, ödəniş edilməsinə baxmayaraq, mən və mənim kimi çoxlarının hazırda internetdən istifadə etmək hüququ pozulub. "Azercell” məsələ ilə bağlı problemi həll etmək əvəzinə, məndən təkrar ödəniş tələb edir”.

Bununla bağlı əldə etdiyimiz məlumata görə, "Azercell” datakart xidmətində az gəlir götürür deyə, bu üsullardan istifadə edir və abunəçilərin narazılığından o qədər də narahat deyil: "Bu şirkət indi daha çox sim kart vasitəsi ilə internetə girişdən qazanc götürür. Datakarta ayda cəmi 10 manat ödənilməsi onları, əslində qane etmir. Odur ki, bu sahəyə diqqət yetirilmir”.

Azercell-in digər fırıldağı isə spamlarla bağlıdır. Bu metod isə belə həyata keçirilir. Şirkət abonentlərinə kütləvi olaraq spam mesajlar göndərir. Telefonun ayarlar bölməsindən servis mesajlarını deaktiv etdiyimiz halda, gün ərzində gələn mesajları dayandırmaq olmur. 8228-dən gələn həmin bezdirici mesajları isə dayandırmaq STOP yazıb göndərdiyimiz mesajın müqabilində balansımızdan 5 qəpik çıxılır. 

Belə aldadılan abunəçilərin sayının minlərlə olduğunu nəzərə alsaq, 5 qəpiklə yığılan pulların ciddi rəqəmə çevrildiyinin şahidi ola bilərik. 

Bütün bu maxinasiyaların, fırıldaqların müqabilində isə "Azercell” abunəçilərinin sayı azalmaq bilmir. Bu isə onunla bağlıdır ki, ölkədə yaşayış səviyyəsi orta və yüksək olan vətəndaşların böyük əksəriyyəti məhz "Azercell” nömrələrini işlədirlər. Həmin qəbildən olan vətəndaşlar isə çox zaman digər operatorlardan gələn zəngləri əksər hallarda götürmürlər. Bu tendensiyanı "Azercell” rəhbərliyi yaxşı mənimsədiklərindən hər ay yeni kampaniya "icad” edərək rahat şəkildə abunəçilərin ciblərinə girirlər. 

"Azercell”ə isə hələlik əlaqədar qurumlar irad tutmurlar, çünki bilirlər ki, bu şirkət ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələr çərçivəsində 1 milyard ABŞ dollarından artıq sərmayə qoyub. Və neft sektorundan sonra respublikanın ən iri vergi ödəyicisi hesab edilir. 
"Azercell”ə həyat daha gözəldir. 

"Azercell”siz həyat isə ondan da gözəldir…

AzNews.az 

Nilay | 8 sentyabr 2016 22:13 | Status: Qonaq | Şərh: 0
Tez -tez nomremi deyisir yoldasim ncunda maraqli deyil mene .Hesabida ozu yukleyir Saglsun nezaret edir telime her terefli .:)))
dılay | 22 dekabr 2015 09:42 | Status: Brilliant user | Şərh: 8 183
OxumadIm..
Yagis_Negmesi | 29 noyabr 2015 13:09 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: ESMER
Sitat: fea
hec mene serf elemirde azercell cixacam
ESMER | 23 oktyabr 2015 19:28 | Status: VİP user | Şərh: 817
Sitat: fea
hec mene serf elemirde azercell cixacam
KARAGULUM | 31 oktyabr 2014 21:32 | Status: Gümüş user | Şərh: 1 433
Maraqlidi serfeli deyil duzdu
fea | 4 oktyabr 2014 00:00 | Status: Gümüş user | Şərh: 1 737
hec mene serf elemirde azercell cixacam
SEVDA | 3 oktyabr 2014 23:50 | Status: Nəzarətçi | Şərh: 17 439
Heç serf elemir azercell.en yaxwısı ele bakcelldi.
Azercell serf etmireee .baksell 0140
SEVA | 2 oktyabr 2014 16:56 | Status: Professional user | Şərh: 5 150
tesekkurler
Aynur_Mezahirli | 2 oktyabr 2014 15:33 | Status: Qonaq | Şərh: 0
Mende deyirem kontur ne tez bitir no ozude tez tez nomreme gelirki flankes masin uddu tez ol teles ne bilim ne ne..)) mende o deqiqe reklami silirem.
N....N92 | 2 oktyabr 2014 14:55 | Status: Professional user | Şərh: 4 351
tewekkurler xebercun hamisi eyni weydi
M.Aliyeva | 2 oktyabr 2014 14:28 | Status: Gümüş user | Şərh: 1 970
mende gencsimdi heleki wikayetim yoxdu