Ailə planlaşdırılmasını hər kəs bilməli!
Zəmanəmizin demək olar ki, əsas problemlərindən birinə çevrilən ailə planlaşdırılması məsələsi bütün ölkələrdə gündəmdə olan məsələdir. İndi mütəxəssislər insanlara bunun önəmini, gərəyini və nəticəsini anladırlar. Dinləyib əməl edən də var, “eh...” deyib əlini yelləyən də.
Ailənin planlaşdırılması necə olur?
Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara “ailə planlaşdırılması” deyilir. Planlaşdırmanın nəyə yaradığını düşünənlər olacaq aramızda, təbiidir. Öncəliklə qeyd edək ki, ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq kimi bir şey deyil. Ailə planlaşdırılması, bir növ, nəzarət altında olan doğum deməkdir.
Ailə planlaşdırılması ailədəki insanların sayını məhdudlaşdırmaq demək deyil. Bu, o deməkdir ki, ananın və doğulacaq körpənin sağlamlığı maksimum düşünülür. Bu, istədiyin vaxt uşaq sahibi olmaq arzusunun gerçəkləşməsidir
: Əgər konkret olaraq maddələrlə sıralamaq lazım gəlsəydi, o zaman ailə planlaşdırılması məsələsini bu cür açıqlamaq olardı
İnsanları övlad sağlamlığı mövzusunda bilgiləndirmək;
• Ana ölümlərinin qarşısını almaq və sağlamlığını qorumaq;
• Körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin etmək;
• Yüksək riskli hamiləliklərin qarşısını almaq;
• Arzu olunmayan hamiləlikləri önləmək;
• Uşaq sahibi olmaq istəyənləri tibbi köməklə təmin;
• Valideynləri ailə planlaşdırılmasının vasitələri ilə tanış etmək;
• Daha gənc və ya ahıl yaşda istənilməyən hamiləliyin qarşısını almaq.
Ailə planlaşdırılması barədə seminarlar
Məlumat üçün deyək ki, indi bir çox ölkədə ailə planlaşdırılması ilə bağlı pulsuz seminar və treninqlər keçirilir. Subay və ya yeni ailə quran gənclər, artıq övladı olan ailələr belə bu treninqlərdə iştirak edirlər. Türkiyədə səhiyyə nazirliyinin bu sahədə xüsusi layihəsi də var, orada ailə planlaşdırılması mərkəzləri fəaliyyət göstərir, bu mərkəzlərdə, doğum evlərində ailə planlamasını həyata keçirmək üçün qoruyucu vasitələr də ödənişsiz paylanır
Həkimlər bildirirlər ki, doğumlar arasında minimum, 2 il müddət olmalıdır. Əgər birinci uşaqla ikinci uşağın arasındakı zaman bu qədər olmazsa, uşağın və ananın həyatında təhlükə yarana bilər. Bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyüyür, bəzi hallarda ölüm səbəbləri də məhz bu olur.
Ailə planlaşdırılması üsulları həm qədim dövrün sınanmış üsulları, həm də müasir vasitələr ola bilər. Həkimlər bunu əsasən belə qruplaşdırırlar:
• Prezervativlər;
• Uşaqlıqdaxili spirallar.
Həkim-ginekoloq Aida Rzayeva deyir ki, ailə planlaşdırılması həkimlərin ən cox narahatlıq duyduğu mövzudur. Həkimin sözlərinə görə çox vaxt qadınlar hamiləliklərinin arasında bir ildən də az müddət qoyurlar və sonra da hamiləlikdə və ya doğulan körpədə bir problem olanda həkimdən şikayət edirlər:
“Bütün pasiyentlərimizə xəbərdarlıq edirik ki, əgər ilk övladını normal doğuşla dünyaya gətiribsə, ikinci hamiləlik iki ildən tez olmamalıdır. Yox, əgər qadın keysər əməliyyatı yolu ilə hamiləlikdən azad olubsa, o zaman ikinci uşaq yalnız 3 ildən sonra doğula bilər. Buna əməl edilməyəndə isə olduqca böyük problemlər yaranır. Həkim nə sehrbazdır, nə də ilahi qüvvə, o vəziyyətdə bizim də əlimizdən bir şey gəlmir”.
Aida Rzayeva deyir ki, ailə planlaşdırılması üçün gərəkli üsullardan çox qadın çəkinir: “Qadınlar bəhanə edir ki, qorxuram, narahat oluram və ya həyat yoldaşım razı deyil. Onlar elə hesab edirlər ki, bu vasitələr sağlamlığa və ya gələcəkdə doğulacaq olan körpələrinə zərər verir. Əksinə, bu vasitələr həm sağlamlıq baxımından yararlıdır, həm də gələcək körpənin səhhəti baxımından. Tez-tez abort stuluna çıxan qadınlar bilmir ki, uşaqlığın divarı tibbi alətlərlə zədələnəndə gələcək hamiləlikdə problem olur və hətta yarımçıq doğuş, qusurlu uşaqlar olur”.
Qadınlar məcbur edilir...
Bizim toplumun qadınları ailə planlaması barədə olduqca az məlumata malikdirlər. Bilən qisim az olmaqla yanaşı, daha çox paytaxtda və ölkənin digər böyük şəhərlərində qərar tutanlardır. Regionlarda nisbətən az qadın bu barədə məlumata malikdir. Məlumatı olan və bunu etmək istəyən qadınlar da bəzən ailənin qınağı ilə üzləşir.
Bir və ya iki uşaqla kifayətlənmək istəyən qadın, bunu ailədə söyləyəndə, ailə böyükləri qəti etiraz edir. Qadın bunun həkim məsləhəti olduğunu desə də vəziyyət dəyişmir. Belə ailələrdə qadınlar ən azı, 3 uşaq dünyaya gətirməyə məcburdur. Hələ uşaqlar qız olsa, məsələ daha da qəlizləşir: ya abort, ya da oğlan olana qədər doğmağa davam...
Sonda məlumat üçün qeyd edək ki, Beynəlxalq Ailə Planlaşdırılması Federasiyasının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında bildirişə görə, bütün qadınların nəsilartırma zamanı sağlamlığının qorunması üçün bütün gərəkli vasitələrdən istifadə etmək hüququ var. Eləcə də bildirişə görə qadınların ailə planlaması haqqında gərəkli bilgi ilə təmin olunması da zəruridir.