Gəlin, müzakirə edək! / Maraqlıdır

Heç bir faydası olmayan on mənasız TƏSƏLLİ

Gülçin | 8-03-2020, 08:00
98 0

 

Sən daha yaxşısına layiqsən – Guya əla təsəllidir. Yaxşı kimdir, pis kimdir? Bu bölgünü necə aparır axı? Əslində bu təsəlli daha çox əsəbləşdirir adamı. Demək səni tərk edən daha yaxşı deyilmiş. Həm də elə deyirlər ki, elə bil sevdiyin adamı təpədən-dırnağa tanıyırlar.

Dünya qızla doludur –Düzdür,  metroda, avtobusda, universitetdə, iş yerində - hər yerdə qız var. Özü də statistikaya görə oğlanlardan daha çox. Görəsən, qızlara da belə deyirlər? Dünya oğlanla doludur. Hər halda gözəl təsəllidir. Ancaq bir məsələ də var axı. Dünyadakı qızların statistikasını bilmək gedən qızı qaytarmayacaq. Şair demişkən, onsuz da yaşamaq mümkündür, amma onunla bambaşqa olar.

Dərdin elə bu olsun! – Təsəlliyə bax! Başqa nə dərdim olacaq ki? Elə bil bunu deyən bütün dərdlərin anatomiyasını bilir)) Dərd gələndə batmanla gəlir axı! Nə fərqi var, dərd bir olur, ya iki! Dərd elə dərddir.

Canın sağ olsun – O boyda pulun batsın, evdə uşaqlarının gözünə baxa bilmə, biri də gəlib desin ki, əşi, canın sağ olsun. Problemlər, qayğılar elə bil cana heç nə eləmir? Əsəb, stress, gərginlik nədən olur bəs? Canın sağ olsun deməklə iş bitmir. Gəl sən də bunları yaşa, görüm sonra deyə bilirsənmi bu cümləni...

İşdən çox iş var – Ən mənasız təsəllidir. İş tökülüb çölə, götürən yoxdur. Qırmızı yalan! Adam var, neçə illərdir işsizdir. Bu da durub deyir ki, işdən çox iş var. Evdən çölə iş tapmaq ümidi ilə çıxırsınız, dostunuzla rastlaşırsınız, deyirsiniz ki, işdən çıxardıblar 5 ildir, o da cavabında deyir, işdən çox iş var, ürəyini sıxma. Reallıq isə tamam başqadır.

Vecinə alma – Olmur da olmur. İnsan deyilik? Birinin bir pis hərəkəti, sözü ürəyimizə toxunur. Vecinə almayanda da deyirlər, nə laqeyd, vecsiz adamsan. Elə ən yaxşısı qoy vecimizə alaq.

Ziyanın yarısından qayıtmaq da xeyirdir – Deməli, bir xeyli ziyan eləyə-eləyə gəlmisən, hər şeyi batırmısan, biri də qıraqdan deyir ki, qayıtsaq düzələr. Tale belə gətirib, ziyana düşmüsən. Eynən quyuya düşmək kimi. Biri də quyunun başında deyir ki, qayıt geri. Necə? Fizika qanunları da buna ziddir, qayıtmaq olmur axı, gərək iki qanad ola çiynində.))

Başımızın sadağası olsun – Bir az da minnət var bu təsəllidə. Pul itirmisən, kimsə tapıb. O da kasıbın balası, gedib evə bir anlıq xoşbəxt olub. Bu nə minnətdir?))

Axır qəminiz olsun! – Bəlkə də həmin nəslin yasına 100-cü dəfə gedir, yenə də deyir ki, axır qəminiz olsun. Bu qəm bitməz, ey fani!  Mahnıda deyildiyi kimi, qəmsiz həyatın dadı-duzu olmur.

Həyatın qabaqdadır – Pah! Bu sanki Nostradamusdur)). Nə bilirsən qabaqda nə var? Bəlkə heç qabaqda heç nə yoxdur? Bu yaşadığının adı "həyat” deyil?

Onsuz da hamı öləcək. Bunu adətən demirlər, amma yəqin ən yaxşı təsəlli budur.