Aktual / Gəlin, müzakirə edək!

Çoxevlilik haqqında maraqlı məlumatlar

Gülçin | 17-02-2020, 09:00
337 0




 


Son dövrlərdə İslamın qadına münasibəti haqqında bir çox araşdırmalar aparılmışdır. Bu araşdırmalarda daha çox, İslamda qadın, onun hüquqları, şahidliyi, mirasdakı payı, kişi ilə bərabərhüquqlu olub-olmaması, evlilikdəki mövqeyi, iş həyatı, boşanma haqqı və s. mövzularla yanaşı İslam dininin kişilərin birdən çox qadınla evlənməsinə icazə verməsi mövzusu da öz əksini tapmışdır. Çoxevliliyə qarşı çıxılmasına başlıca səbəb kimi, bunun qadın-kişi bərabərliyini ortadan qaldırdığı, qadının hüquqlarına mane olduğu, elecə də müasir həyat tərzinə uyğun gəlmədiyi fikirləri göstərilmişdir.

Müsəlman olmayanlar İslamı ləkələmək üçün çoxevlilik mövzusundan istifadə etməyi düşünmüş, bəzi müsəlmanlar da ya iman zəifliyindən, ya da məsələnin hikmət və səbəblərini qavraya bilmədiklərindən, Avropanın təsiri ilə çoxevlilik haqqındakı tənqidlərə qoşulmuşlar. Müsəlman və qeyri-müsəlman bəzi yazarlar da bu mövzudakı tənqidlərə cavab vermişlər. Ancaq bunların bəzilərində feminizmə meyl, bəzilərində isə Qərb mədəniyyətinin təsiri müşahidə olunur.

Ümumiyyətlə çoxevlilikdaha çox Avropalılar tərəfindən tənqidə məruz qalmışdır. Amma bəzi qərbli mütəfəkkirlər ictimai əxlaq və iqtisadi baxımdan çoxevliliyi münasib görmüşlər. Onlar Avropadakı bir çox kişilərin bir qadınla kifayətlənmədiyinə görə əxlaqsızlıqların baş alıb getməsinə və nikahdankənar uşaqların dünyaya gəlməsinə qarşı çoxevliliyin çarə olduğunu söyləmişlər. Biz isə bu yazımızda məsələnin İslam hüququndakı yeri, hökmləri və şərtləri haqqında məlumat verməyə çalışacağıq.

Tarixdə çoxevlilik

Çoxevlilik bəzilərinin düşündüyü kimi İslam dini ilə başlamamışdır. İslamiyyətdən əvvəl Babilistan, Misir, Yunanıstan, İran, Çin və Hindistan kimi bir çox cəmiyyətlərdə mövcud olan çoxevlilik, İslamiyyətdən sonra da digər mədəniyyətlərdə davam etmişdir. Çoxevliyiyi İslam dini qanuniləşdirməmişdir. Brahmanizm və Zərdüştlük kimi şərq dinlərində də çoxevlilik var idi. Yəhudilik və xristianlıqda da çoxevliliyi qadağan edən hər hansı bir hökm yoxdur. Kitabı-müqəddəsdə  Hz. İbrahim, Hz. Yaqub, Hz. Davud, Hz. Süleyman və bəzi peyğəmbərlərin birdən çox qadınla evli olduğundan bəhs edilir. Digər tərəfdən Hammurapi[1] qanunlarında da bir neçə qadınla evlilikdən bəhs olunur. Qədim Roma hüququnda da istifraş (evli olmadan bir qadınla birlikdə yaşamaq) adətinə rast gəlmək mümkündür. Bütün bunlar göstərir ki, çoxevliliyə dini məsələ olmaqdan çox ictimai məsələ olaraq ta qədim dövrlərdən bəri bir çox cəmiyyət və mədəniyyətlərdə rast gələ bilərik.[2]

Cahiliyyə dövründə də çoxevlilik mövcud idi. Çoxevlilik ərəblər arasında geniş yayılaraq adət halına gəlmişdi və bunu qadağan edən hər hansı qayda-qanun yox idi. Hətta o dövrdə kişilər həyat yoldaşları üzərində hər cür haqqa sahib olduğuna görə, qadınlar ərlərinin vəfatından sonra onun varislərinə miras qalırdı. Həmin dövrdə çox qadınla evlənmək sosial-iqtisadi mövqe ilə əlaqəli olduğuna görə güc və sərvət əlaməti sayılırdı.

Rəsulullahın (s.ə.s) müsəlman olan bəzi səhabələrə dörddən çox olan yoldaşlarını boşamalarını söyləməsi bu adətin cahiliyyə dövründə də olduğunu göstərir. Məsələn, Qeys ibn Harisin nikahında səkkiz qadın vardı. Müsəlman olandan sonra bunu Allah Rəsuluna  (s.ə.s) demiş, O (s.ə.s) da, yoldaşlarından dörd nəfəri seçib qalanlarını boşamağı əmr etmişdir.[3]

Qaylan əs-Səqafi də cahiliyyə dövründə evləndiyi on xanımı ilə birlikdə İslamı qəbul etmiş, ancaq Rəsulullah (s.ə.s) ona xanımlarından dörd nəfəri seçib geri qalanları boşamağı əmr etmişdir.[4]Bunlardan əlavə müsəlman olarkən Novfəl ibn Müaviyə əl-Kinaninin beş, Urvə ibn Məsud əs-Səqafinin on, Safvan ibn Ümeyyə əl-Cumahinin səkkiz xanımı olduğu və Rəsulullahın (s.ə.s) bu səhabələrə xanımlarından dördünü seçməyi əmr etdiyi də rəvayət edilmişdir.[5]

İslamda çoxevlilik

Çoxevliliyi İslam dini gətirməmişdir. Yəni İslam tək evliliyi çoxevliliklə (dörd) əvəz etməmiş, əksinə əvvəldən olan bu prosesi daha da sistemləşdirərək dörd nəfərlə məhdudlaşdırmış, bəzi hökm və şərtlərlə tənzimləmişdir. Bunu böyük İslam alimi Bədiüzzaman qısaca belə ifadə etmişdir: "Dörd nəfərə qədər qadınla evlilik fitrətə, ağla, hikmətə və məntiqə uyğundur. Şəriət də bunu birdən dördə yox, əksinə səkkizdən, doqquzdan dördə endirmişdir. Xüsusilə dörd evliliyə elə şərtlər gətirmişdir ki, bu şərtlər qorunduğu zaman heç bir zərərin ortaya çıxması mümkün deyil”. Yenə onun ifadəsi ilə "İslamın təsis etdiyi hökmlərdə həqiqi gözəllik və bir çox xeyir vardır”. Ancaq dinin bəzi hökmləri, İslamın gəldiyi dövrdəki müəyyən yanlışları düzəltmə məqsədi daşıyırdı. Köləlik və çoxevlilik kimi hökmlər tamamilə xeyir kimi görünməsə də əhvənüş-şərdir[6]. İslam bunları mövcud natamam vəziyyətindən xilas edərək insan fitrətinə ən uyğun hala gətirmişdir. O ki, qaldı insanın gördüyü işlərin hamısında mütləq bir xeyirin olmasına, bu təcrübə və reallıqlarla tərs mütənasib olardı.[7]

Burada izah edilən xüsus budur: Çoxevlilik özünəməxsus bəzi çətinlikləri ehtiva edə bilər. Ancaq bütün zaman və şərtləri nəzərə aldıqda çoxevliliyin faydaları nisbətən daha çox olduğuna görə buna icazə verilmişdir. Əslində eyni vəziyyət tək qadınla evlənən insana da aiddir. Ola bilər ki, evlənməmək evliliyə nəzərən daha üstün görünsün. Ancaq insanların  ümumi vəziyyəti nəzərə alınanda evliliyin labüdlüyü heç kim tərəfindən inkar edilə bilməz. Bu baxımdan xüsusilə yaşadığımız mühiti düşünərək çoxevliliyi mütləq şər kimi görmək doğru deyil. İslam ümumbəşəri din olduğu üçün gətirdiyi hökmlərdə bütün dövrlərin və  insanlığın ehtiyacını əsas götürür.

Məsələyə bu nəzərdən baxanda müəyyən şərtlərlə icazə verilən çoxevliliyin bəzi hikmətlərini belə sıralaya bilərik:

1. Zina və əxlaqsızlığın qarşısını almaq. 

2. Əhalinin artımını təmin etmək.

3. Bəzi şərtlərdə himayəsiz qalan qadınlara sahib çıxmaq.

4. Qadınların çox olduğu dövrlərdə onların ismət və namuslarını qorumaq.[8]

Bu hikmətlərini nəzərə alaraq çoxevliliyə icazə verilməsinin əsas məqsədinin səddi-zəraiyə[9]əsaslandığını görərik.

Bəzi Qərb ölkələrində nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı normal evlilikdən dünyaya gələn uşaqların sayından daha çoxdur. Bunu nəzərə alsaq, Qərbin çoxevliliyə qarşı çıxmasına baxmayaraq bir çox qadınla birlikdə olan insanların yaşadığı cəmiyyətlərdəki zina və əxlaqsızlığın hansı səviyyəyə çatdığını görərik. Müharibələrdən sonra bəzi ölkələrdə dul qalan yüz minlərlə qadının məruz qaldığı çətinlikləri düşünəndə çoxevliliyin hikmətlərini anlamaqda çətinlik çəkmərik. Çünki İslam nəsəbə çox əhəmiyyət verdiyi kimi, "zinaya yaxınlaşmayın”[10] əmri ilə də nəsəbi pozacaq bütün yolları qapamışdır.

 İslamın hökmlərini ümumi olaraq dəyərləndirməliyik. Dini hökmlərin tətbiqində ortaya çıxan problemlərin səbəbi həmin hökmlərin mahiyyətindən deyil, mühitin – İslama uyğun həyat tərzinin olmamasından qaynaqlanır.

 Çoxevliliyin hökmü

"İslam hər kişiyə dörd qadınla evlənməyi əmr edir” kimi yanlış anlayış çoxevliliyə qarşı çıxılmasının əsas səbəblərindən biri olaraq göstərilir. Halbuki, birdən çox qadınla evlənmək dini məcburiyyət – fərz və ya vacib əməl deyil. Sadəcə olaraq ehtiyac olduğu təqdirdə buna icazə verilmiş və qadağan edilməmişdir.[11] Buna görə istənilən kişi öz imkan və şəraitini nəzərdən keçirərək ikinci dəfə evlənmək haqqında özü qərar verə bilər. Qadın da evli bir kişi ilə evlənib-evlənməmək məsələsində seçim haqqına sahibdir. Əgər ikinci evliliyin gerçəkləşməsi birinci evliliyi təhlükə altına salacaqsa bu təqdirdə ikinci dəfə evlənmək doğru deyildir.

Kimlər evlənə bilər?

Onu da qeyd edək ki, istər tək evlilikdə, istərsə də çoxevlilikdə tərəflərin imkanlarına görə evliliyin hökmü dəyişir. İslam fiqhçiləri şəxsin xüsusi imkanlarını nəzərə alaraq nikahın hökmünün dəyişə biləcəyini söyləmişlər. Zina eləmə və haram əməl işləmə təhlükəsi ilə üzləşən bir adam mehr ödəməyə[12] gücü çatırsa və ailənin zəruri ehtiyaclarını təmin etməyə imkanı varsa, hətta bəzilərinə görə oruc da tuta bilmirsə, onun evlənməsi fərzdir.

Mehr ödəməyə, ailənin dolanışığını təmin etməyə gücü çatan və haram işləməkdən uzaq olsa da, sırf ehtiyatən ailə qurmaq istəyən bir şəxsə evlənmək vacibdir.

Bəzi alimlərə görə, bir insanın ailə quracağı təqdirdə harama girməsi, zülm və əziyyət verməsi mütləq deyil, ehtimal daxilindədirsə, onun evlənməsi məkruhdur.

Mehr və nəfəqəyə sahib olmayan şəxsin zinaya düşmə təhlükəsi olsa da evlənməsi məkruh sayılmışdır. Səbəb olaraq da mehir və nəfəqənin qul haqqı olduğu, zinadan çəkinməyin isə Allahın haqqı olduğu, bu iki haqq qarşılaşısında qul haqqının seçiləcəyi göstərilmişdir. Ancaq belə vəziyyətdə olan şəxsin başqalarından borc almaq imkanı varsa evlənməsi məndub və ya vəziyyətə görə vacib olar. Çünki ayədə bildirilir ki, iffətli və namuslu qalmaq niyyəti ilə evlənmək istəyən şəxs kasıblıqdan qorxmamalıdır.[13]

Hər hansı bir təhlükə, fiziki problem yoxdursa, evlənməyə də arzu və istək vardırsa, belə bir şəxsin ailə qurması sünnədir.[14] Çünki Rəsulullah (s.ə.s), "Ey gənclər! Sizdən evliliyin məsuliyyətini yerinə yetirməyə gücü çatan evlənsin”[15]– buyurmuşdur.

Bütün bunlardan anlayırıq ki, İslama görə insan necə gəldi evlənə bilməyəcəyi kimi, ikinci və üçüncü dəfə necə gəldi evlənə bilməz. Evliliyin hökmü şəxsin vəziyyətinə görə necə dəyişirdisə, birdən artıq qadınla evlənərkən də həmin hökm dəyişəcək. Bu hökm yerinə görə məcburiyyət ifadə edə bildiyi kimi, məkruh və ya haram da ola bilər. Bu səbəbdən ikinci qadınla evlənəcək kişinin maddi imkanları qadınların mehrlərini verəcək, nəfəqələrini[16] təmin edəcək miqdarda olmalı, ayədəki ədalət şərtinə tam mənada əməl olunmalıdır.

 

 

 

Yüksel Çayıroğlu