Aktual / Müəllif yazıları

Onlar niyə boşanır?-Cavab:“Niyə boşanmasınlar ki?”

Banu. | 7-12-2019, 08:19
838 0
“Niyə boşanmasınlar ki?” Sualıma aldığım cavablardan biri də belə oldu. 
Statistikaya görə hər ikinci norveçli ailəsi boşanır. Amma nəzərə almaq lazımdır ki, bu statistikada təkcə rəsmi nikahı olanların ayrılması deyil, bir evdə yaşayan və ortaq büdcəyə sahib olan, amma rəsmi nikaha girməyən cütlüklər də nəzərə alınır. Norveçdə vətəndaş nikahında yaşayanlar “samboer”lərə rəsmi evlilərə şamil edilən haqq və öhdəliklərin təxminən hamısı şamil edilir.
Bəs bu boşanmalar niyə belə çoxdur?
Səbəblər müxtəlifdir. Amma ən böyük səbəb, boşanmaq üçün əngəllərin olmamasıdır. Əvvəlcə ondan başlayaq ki, norveçlilər boşanmaya faciə kimi deyil, iki insanın bir yerdə yaşamaq, bir həyatı, evi, məsuliyyətləri, hissləri və s. daha bölüşmək istəməməsi kimi baxırlar. Və düşünürlər ki, insanlar bunu istəmirsə, özlərini məcbur etmələrinin mənası yoxdur. Buna görə də, cəmiyyət də, dövlət də bir evdə yaşamaq istəməyənlərin, boşanmaq istəyənlərin qarşısında əngəllərin olmamasına çalışır. Çünki əks halda, vətəndaşlar bundan əziyyət çəkəcək, özlərinin əsəbləri, uşaqların psixologiyası pozulacaq.
Sosial səbəb
Dəfələrlə tanış, qohum, yad qadınlardan eşitmişəm ki, əslində imkanları, gedəcək yerləri, uşaqlarını saxlaya biləcəkləri peşələri olsaydı, boşanardılar. “Boşanım, hara gedim, balalarımı necə saxlayım?” ifadəsi bizim ölkədə bir kişi ilə məcbur ev, mətbəx, yataq bölüşən qadınların çarəsizlik nəğməsidir əslində. Norveçdə bu çarəsizlik yoxdur. Zira, dövlət uşaqlı tək anaya evli ananın haqqlarından daha çox haqq də dəstək tanıyır. İşləmədiyi halda qalmağa evi və dolanmağa pulu olacaq. Yaxın adamları olmazsa və ata uşağa baxmazsa, uşağa ayda iki dəfə bir neçə gün ana dincəlsin deyə baxan olacaq. Nə ana, nə də uşaqlar çarəsiz, pulsuz, tək qalmayacaqlar. Buna görə də, sırf ata evə pul gətirir, yanında qalaq söhbəti yoxdur. Amma sadaladıqlarım da son çarədir, çünki normalda Norveçdə ayrılan ananın yüksək maaşlı işi də olur, qalmağa evi də, özü yorulanda ya səfərə gedəndə uşaqlarına baxmağa babysitter tutmağa imkanı da. Bunlar olmayanda isə dövlət yardıma gəlir.
Uşağın rahatlığı
Burda boşanma uşağın travma alması, bir valideynlə böyüməsi, bizim lirik nəğmə “məktəbdə hamının atası var, balamın atası yoxdur, boynubükükdür” kimi problemlər aktual deyil. Əvvəla, ata-ana sakit, davasız ayrılır, düşmən olmur, hətta bir-birilərinə inciklikləri qalsa da, bunu uşağın yanında büruzə vermirlər. Qanuna görə 13 yaşına qədər hər bir uşaq ayrılan ata-ananın yanında bərabər zaman kəsiyində qalmalıdır. Yəni 3 gün yarım ata, 3 gün yarım ananın yanında. Heç bir tərəfin ixtiyarı yoxdu ki, uşağın bu haqqını məhdudlaşdırsın. 13 yaşdan sonra uşaq özü ata, ana ya ikisi ilə da qalmağı seçir. Bundan başqa, təbii ki, istisnalar olmaqla, boşanan ailələr adətən çox yaxşı münasibət saxlayır, ananın yeni sevgilisi ya əri, atanın yeni sevgilisi ya arvadı uşaqla yaxşı davranır, dostluq edir, ailələr bir-birinə qonaq gedib-gəlir, birlikdə xeyli vaxt keçirilər ki, uşaq darıxmasın, inciməsin və valideynlərinin boşanmasını ağrılı bir şey kimi qəbul etməsin.
Mental səbəb
Norveçdə boşanan qadına pis baxmırlar, ailə, yaxınlar təzyiq etmir. İş yerində qadının boşandığını bilən kimi direktor qadına seksual obyekt kimi baxmır, polisə şikayətə gedəndə polis, vəkilə işi düşəndə vəkil seksual obyekt kimi baxmır. Ata-qardaş, əmi-dayı oğulları, qonşu kişilər özündə “gəlinin qeyrətini çəkmək” kimi bir məsuliyyət hiss etmir, boşanan qadın başqa adamla münasibət quranda ona “fahişə” adı qoymur, partnyorlarını hesablamır, bir sözlə mənəvi-psixoloji terror etmirlər. Ümumiyyətlə, burda bir qadının boşanması ona olan hörmət, ehtiramı heç cür azalda bilməz. Boşanan qadının boşanmayandan heç bir fərqi yoxdur.
Bürokratik səbəblər
Norveç məhkəməsində əri ya arvadın birinin “mən bu adamla daha yaşamaq istəmirəm” deməsi, boşanma üçün yetərli əsas sayılır. Daha “arvadım gəzirdi”, “ərim narkomandır” kimi çox vaxt yalan, qarşı tərəfi günahkar çıxarmaq üçün əl atılan böhtanlara ehtiyac yoxdur. Yaşamaq istəmirsən bu adamla, buyur.
Bu maneələrin qarşısının alınması, boşanmanın maksimum rahatlaşdırılması eyni həyatı paylaşmaq istəməyən insanların qarşısında yeni həyata qapı açır və bu çox gözəldir.
Norveçlilərin boşanmadan söhbət düşəndə adətən işlətdikləri sözlər. “Bir yerdə yaşamaq istəmirlərsə, niyə boşanmasınlar ki?”, “uşaq ailədə böyüməlidir, amma uşaq sevgi dolu ailədə böyüməlidir”.
Günel Mövlud

Digər xəbərləri də oxuyun:

Elza Seyidcahan Röyanın BÜTÜN SİRRİNİ AÇDI: "O, hər gün sevişir, təkcə Hüseyni doğmayıb"

“Viaqra”nın inanılmaz faydası – Buna da qadir imiş…

Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir? - Görün, nə qədər xəstəliyin səbəbi imiş

Rəqsanənin qızı yaxtada içki ilə görüntüləndi - Şok FOTO