Müəllif yazıları / Manşet

Ailə münasibətləri uşaqlara necə təsir göstərir?

Banu. | 8-04-2019, 22:05
1 208 0
                                               Anzulə Əmirova

“...həmin ailələr bədbəxtdirlər”

Cəmiyyətdə baş verən bütün hadisələrin, yaxşı və ya pis əməllərin kökü ailədən qaynaqlanır. Uşaqlarımız ana dilini, mənəvi dəyərləri, sevgini məhz ailədən öyrənirlər. “Ailəli” olmaq xatirinə baş tutan nikahların isə ya ömrü qısa olur, ya da ailə quran insanlar və onların övladları istəmədikləri həyatı yaşamağa məhkum olurlar.

Səbəb ailə həyatı qurmağa kişi və qadın birliyi kimi yanlış yanaşmadadır. “Kişi olan yerdə qadın danışmaz” , “evdə kişinin sözü keçər”, “evin kişisi bütün çətinlikləri həll etməlidir”, “ailə başçısı hər zaman güclü görünməlidir” kimi fikirlərə boyun əyməyə məcbur olanlar ətrafdakıların yanında yaşayışları normalmış, hər şey qaydasındaymış kimi davam etsələr də həmin ailələr bədbəxtdirlər. Çünki “maskalı” həyat insanı yorur, usandırır. Arzularını, istəklərini reallaşdırmaqdan çəkinərək yaşamaq isə tabuta qoyulacağı günü gözləməyə bərabərdir.

Ailə həyatına iki cinsin birləşməsi kimi yanaşanlar “insan” məfhumunu tamamilə undurlar. İnsanın digər varlıqlardan fərqi daim inkişafda olması, dəyişməsi, ruhunun, mənəviyyatının olmasıdır. Ailə quran kəs qarşı tərəfi qadın və ya kişi kimi qəbul etməzdən öncə insan kimi qəbul etməlidir. Yalnız bu halda sağlam ailə münasibətləri yaranır. Sağlam münasibətin olduğu ailədə böyüyən uşaqlarsa çox şanslıdırlar.

Ata-ananın həyat tərzi, mənfi və müsbət əməlləri övladlarını həyatlarının sonunadək izləyir. Araşdırmalara əsasən, mübahisə olan ailələrdə böyüyən uşaqlar məktəbdə də, dostları ilə oynayanda da aqressiv olurlar. Valideynlər arasında olan münaqişə uşaqların diqqətindən yayınmır. Ümumiyyətlə, ana bətnində olan körpə belə bunu hiss edir.

Araşdırmalara əsasən, hamiləliyin ikinci 3 aylıq müddətində körpənin zehni inkişafa başladığından həmin dövrdə xarici dil öyrənən, rəsmlə məşğul olan anaların uşaqları məhz həmin sahələrdə xüsusi istedadlı olurlar .

Tədqiqatlar nəticəsində məlum olub ki, ilk hamiləliyində sıxıntılı, qapalı mühitdə olan, ikinci hamiləliyində isə daha aktiv həyat tərzi keçirən, problemlərdən azad olan ananın övladları tamamilə fərqli olur. İlk övlad özünə daha qapanıq, tənhalığa meylli olduğu halda, ikinci uşaq ünsiyyətə can atır. Odur ki, hamiləlik dönəmi dünyaya gələcək körpənin gələcək zövqünü müəyyənləşdirir.

Hamiləlik müddətində ananın keçirdiyi bütün hisslər körpəyə keçdiyindən həmin dövrdə ana körpəsinin qida ilə yanaşı mənəvi ehtiyaclarını da ödəməlidir. Belə ki, qadının faydalı kitablar oxuması, zövqlü musiqilər dinləməsi, təbiətlə daha çox təmasda olması tövsiyə olunur. Ana bətnində olan körpə 7-ci ayını tamamladıqdan sonra doğma səslərə dərhal reaksiya verir, ananın sevərək dinlədiyi musiqilər onun üçün də doğmalaşır.
Bu baxımdan ki, ailənin önəmini dərk edən, körpə ana bətninə düşdüyü gündən düzgün həyat tərzi yaşayanlar gələcək həyatları üçün əvəzsiz sərmayə yatırmış olarlar.

Facebook Anzulə Pərvizqızı