Aktual / Araşdırma

İntihar etməmək üçün nə etməli? (ARAŞDIRMA)

Sevinc Fedai | 4-05-2012, 21:01
5 702 54

Cəmiyyətdə müəyyən insanların intihar etməsinin və ya buna cəhd göstərməsinin səbəbləri mürəkkəb və çox müxtəlifdir. Bu prosesdə həm sosial-iqtisadi, həm də psixoloji amillər mühüm rol oynayır. Artıq bəşəri problemə çevrilən bu məsələni bir daha araşdırmağa və psixoloq Naib Niftəliyevlə birgə ona müxtəlif aspektlərdən aydınlıq gətirməyə çalışdıq.

Naib Niftəliyev qeyd edir ki, hər bir insan həyata gəldiyi gündən ölümün qaçılmaz olduğunu duyur, ölümə yol aça biləcək səbəblərdən, aclıqdan, fəlakətdən, xəstəliklərdən, fiziki və psixoloji fəsadlardan qorunmağa can atır: “Belə olan halda, sövq-təbii olaraq ölümdən qaçan insanın canına qəsd etməsi, intihar yolunu seçməsi, bunu bilərəkdən, şüurlu şəkildə etməsi çox fərqli, bəzən biri digərinə zidd görünən amillər, sosial təmayüllərlə izah edilir. Özünü hər zaman əzablardan qoruyan, çox vaxt yaxınları, doğmaları naminə məşəqqətlərə, əzablara dözərək yaşamağı ölümdən üstün tutan insan necə olur ki, bəzən özünü bilərəkdən həyatdan məhrum edir, şüurlu şəkildə ölümün ağuşuna atılır? Aydındır ki, müəyyən istisnalarla heç kəs ciddi səbəb olmadan özünü öldürmək istəməz. Bu baxımdan, özünəqəsd, intihar meylinin yaranması mürəkkəb sosial, psixofizioloji, tibbi-bioloji hadisədir”.
Həmsöhbətimiz bildirir ki, belə faktları və hadisələri təhlil edərkən ən incə detalları və bütün həssas məqamları mümkün qədər tam nəzərə almaq lazımdır. Əks halda intihar probleminin real məzmununu aydınlaşdırmaq, dolğun şəkildə ifadə etmək və müvafiq tövsiyələr işləyib hazırlamaq olduqca çətindir: “Burada intiharın insanın fərdi-psixoloji xüsusiyyətləri ilə nə dərəcədə əlaqədar olmasına da mümkün qədər aydınlıq gətirilməlidir, eyni zamanda, obyektiv və təcrübədə uğurla tətbiq oluna biləcək nəticələr əldə etməkdən ötrü burada intiharın baş verməsini şərtləndirən hər hansı amilin rolu mütləqləşdirilməməlidir”.
N.Niftəliyev xüsusi olaraq, vurğulayır ki, hər bir insan psixoloji baxımdan təkrarolunmazlığa malikdir
. Bu səbəbdən, intihar meylinin ümumi sosial-psixoloji korreksiyası yolları görünmür: “Bununla yanaşı, faktlar və müşahidələr göstərir ki, müxtəlif səbəblərdən gərginlik, mənəvi və psixoloji böhran yaşayan insanlar arasında özünəqəsd, intihar halları başqalarına nisbətən tez-tez baş verir. Üzləşdiyi sarsıntı, məşəqqətlər müqabilində insan üçün həyat mənasızlaşır, arzu və ideyalar təhrif olunur, şəxsiyyət amili deformasiyaya uğrayır”. Göründüyü kimi, intihar insanın üzləşdiyi çox mürəkkəb psixofizioloji böhranın nəticəsi kimi meydana çıxır.
Psixoloqlar son zamanlar intiharların artmasının əsas səbəbi kimi dünyanı bürümüş maliyyə böhranını göstərirlər. Burada nəzərə almaq lazımdır ki, intihar qərarı heç də ani olaraq verilmir. Ona uzun, keçməkeşli, təzadlı düşüncələrlə dolu, xoşbəxtlikdən uzaq həyat gəmisində olmaq hissi və tənhalıq sindromu gətirir. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. Bəzən narkotik maddələr qəbulu nəticəsində insanın özünü tənzimləyə bilməməsi – ara və hündürlük məsafələrinin hiss edilməməsi, “uçmaq” arzusu, “asfalta iz salmaq” həvəsi də ölümlə nəticələnsə də, bunlar intihar yox, “əcəl” faktoru ilə əlaqələndirilir.

Qayğılar insanı intihara sürükləyərsə…


Əslində, milyonlarla insanın intiharını şərtləndirən o qədər çoxsaylı, gizli səbəblər var ki, biz onları sadalayıb sadalayıb, tam, ətraflı izah etməyə qadir deyilik. Çünki insan nə qədər mürəkkəbdirsə, duyğuları ondan da mürəkkəbdir. Bu mənada, qayğılar, problemlər insan ömrünün bənzərsiz xüsusiyyətləridir və onların süni yolla aradan qaldırılmasına əsla ehtiyac yoxdur. Əksinə, müəyyən məqamlarda hər bir fərdin öz qayğıları ilə baş-başa qalması onun şəxsiyyətinin formalaşması, düzgün, ahəngdar inkişafı üçün olduqca vacibdir. Məhz bu iki amil – daimi insani qayğılarla yaşamaq və nümunə götürmək imkanları şəxsiyyətin formalaşmasında mühüm hərəkətverici qüvvə rolunu oynayır. Bəs, bu qayğılar insanı intihara sürükləyən əsas amillərə çevrilərsə, necə?!.
İntiharı şərtləndirən ən mühüm amillərdən biri “ÖZÜNÜMÜDAFİƏ” qabiliyyətinin olmaması və ya itirilməsidir. “Mən, mənim, mənə”, “son söz mənimdir”, “özüm bilərəm” fikirlərini çox vaxt önə çəkən müasir gəncliyimizin ən böyük problemi özünümüdafiədir. Valideynin nəzərində yaxşı təsir bağışlayan, “yağ-bal içində, problemdən uzaq böyütmüşük” şəklində tərbiyə alan gənc təbii ki, öz həyatını qurmağa, həyatı kiminləsə paylaşmağa başlayanda, sərbəst qərar vermək vaxtı çatanda büdrəyəcək. Bir-iki büdrəmədən sonra isə o, yaşadığı gözəl günlərin ona bəs etdiyi qənaətinə gələrək intihar edəcək. Niyə? Çünki həyatın nə olduğunu hiss edə bilməyib, ailənin qayğılarından kənarda qalıb, sosial qayğılardan xəbərsizdir. Bu səbəbdən ən kiçik bir sosial qayğı, maddi çətinlik, müvəqqəti darlıq, sıxıntı onu dərhal qorxudur, ruhdan salır, sağlam həyat mübarizəsindən çəkindirir.
“İntihar nədir ?” sualını psixoloq Naib Niftəliyev belə cavablandırır: “Məqsədli şəkildə və ya şüur yerindəykən bilərəkdən özünüöldürməyə ,,intihar (suiqəsd)” deyilir. Məsələn, sərxoş ikən zarafatla silahı alnına dayayıb özünü vurmaq, narkotik maddənin təsirilə uçacağını düşünərək altıncı mərtəbədən özünü atmaq kimi davranışlar əslində intihar deyil”. Həmsöhbətimiz onu da vurğulayır ki, insanlar müxtəlif səbəblərdən həyatlarına son qoyurlar. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın alınmasına səbəb olan amillər çox müxtəlifdir: “Çox vaxt bir neçə amilin birgə, ümumi təsiri belə destruktiv davranışın meydana çıxmasına səbəb ola bilər”.
N. Niftəliyev hesab edir ki, əslində intiharların dinamikası və onları şərtləndirən amillərlə bağlı məsələ daha mürəkkəbdir: “Dünyada hər 20 saniyədə bir adam özünü öldürür, hər 2 saniyədə bir insan isə intihara uğursuz cəhd edir. İntihar qurbanlarının sayı müharibə və qətl qurbanlarının birgə sayından daha çoxdur. Paradoksal məqamlardan biri də budur ki, ənənəvi olaraq, iqtisadi böhran zamanı intiharlar artmaq əvəzinə azalır”. Psixoloqun fikrincə, intihar faktı, bir qayda olaraq, ümidsizlikdən, etiraz əlaməti kimi doğur, şəxsi ləyaqət, şərəf hissinin qorunması naminə, ağlın qarışması nəticəsində, ağrıya dözməmək üzündən və ya qisasdan qorxmaq səbəbindən baş verir: “Əsas risk amilləri kimi, yoxsulluq, işsizlik, yaxınların itirilməsi, ailə münasibətlərində problemlər göstərilir. Başqa sözlə, burada müharibə amili arxa plana çəkilir. Lakin bu heç də müharibə şəraitinin intiharla bağlı olmaması demək deyil. Belə ki, müharibə amili istənilən halda intihar meylini yetərincə qüvvətləndirir. Burada uşaqlıqda alınmış mənəvi və fiziki travmalar da önəmli rol oynayır. Təbii ki, insanın sosial izolyasiyası və psixi problemləri, o cümlədən, depressiya da intihar faktlarının artmasına gətirib çıxarır”.

Kimlər ölümü düşünür, kimlər ölür?


Psixoloq Naib Niftəliyev bildirir ki, intiharların dinamikası ilə bağlı bir sıra maraqlı faktlar da diqqəti cəlb edir. Belə ki, kişilər qadınlardan dörd dəfə çox özlərini öldürürlər. Ancaq qadınlar iki-üç dəfə daha çox intihara cəhd edirlər: “Dünyanın müxtəlif ölkələrində aparılmış sorğular göstərir ki, yeniyetmələrin 80 faizi vaxtaşırı özünü öldürmək barədə düşünür. Ancaq intiharların çoxunu təqaüd yaşlı insanlar edirlər. Bir qayda olaraq, onlar bu cür istəklərini əvvəlcədən etiraf etmirlər. Araşdırmalara görə, qeyri-ənənəvi seksual orientasiyalı insanlar ənənəvi orientasiyalı insanlara nisbətən intihara daha çox meyilli olurlar”.
Amerika İntiharı Xəbərdarlıq Fondunun məlumatına görə, intihar cəhdləri daha çox aprel, iyun və iyul aylarında edilir.
ABŞ-da və dünyanın bir çox ölkələrində 1970-1980-ci illərdə intiharlar, əsasən, bayram günlərində daha çox baş verirdi. İntiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq, burada müəyyən istisnalar mövcuddur. Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox “yoxsul” ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın “zəngin” dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu zaman iqtisadi baxımdan tam rifahlı sayılan Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli çoxdur. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə intiharların səviyyəsi inanılmaz dərəcədə yüksəkdir.
Psixoloqun sözlərinə görə, dini inam hissi ilə intihar arasında da müəyyən asılılıq var.
Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisi daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür: “Buddist ölkələrdə bu göstərici daha yüksəkdir – 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər”. Həmsöhbətimizin fikrincə, «Gallup» xidmətinin məlumatları ehtimal etməyə zəmin yaradır ki, ölkədə dini inam hissi yüksək olduqca, intihar meyli əhəmiyyətli dərəcədə aşağı düşür: “Müvafiq göstəricilər Dünya Səhiyyə Təşkilatının intiharlar haqqında statistikası ilə tutuşdurularkən bəlli olub ki, bu iki göstərici arasında əlaqə var: dindarlıq artdıqca intihara meyil göstəricisi azalır.

Psixoloq Naib Niftəliyev onu da vurğulayır ki, intiharlar vacib sağlamlıq problemlərindən biridir:
“Bütün dünyada gündə orta hesabla 1000 insan intihar edərək həyatına son verir. İntiharların dinamikası yaş qruplarına və cinsə görə fərqli şəkildə özünü göstərir. ABŞ-da aparılan tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sırada intihar durur. Xüsusilə, 15-19 yaşlı oğlanlarda intiharların sayı qızlardan çoxdur. Aparılan tədqiqatlarda intihar nəticəsində həyatını itirən şəxsləri 63%-inin kişilər, 37%-inin qadınlar olduğu müəyyən edilmişdir”.

Ölümə gedən yolda addımlar – cinsiyyət problemləri, sosial-iqtisadi çətinliklər , ailə münaqişələri, psixi pozuntular…


“İntiharın başlıca səbəbləri nədir” sualını Naib Niftəliyev belə cavablandırır: “İntiharın səbəbləri kimi daha çox  cinsiyyət problemləri, sosial-iqtisadi çətinliklər, ailə münaqişələri, kəskin rəqabət və ixtilaflar, immiqrasiya, psixi pozuntular, şiddətə (aqressivliyə) meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının məhdudlaşması, stress və ümidsizlik hissləri də intihara yol aça bilər. Qarşısına öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyi halda tənqidə tab gətirə bilməmək kimi səbəblər isə daha çox uşaq və gəncləri intihar cəhdlərinə vadar edir”.

Allahın əmanəti olan canımıza niyə xəyanət edirik?


Psixoloqun fikrincə, bu deyilənləri ümumiləşdirərək intiharın səbəblərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

1. Psixiatrik xəstəliklər;
2. Sosial səbəblər;
3. Psixoloji səbəblər;
4. Bioloji səbəblər;
5. Genetik yaxınlıq;
6. Fiziki xəstəliklər.

Həmsöhbətimiz söyləyir ki, intihara səbəb olan psixiatrik problemlər bunlardır:


1. Depressiya;
2. Şizofreniya; intihar edənlərin 10%-də şizofreniya müşahidə olunur;
3. Spirtli içkilərdən istifadə;
4. Narkotik maddələrdən asılılıq;
5. Şəxsiyyət pozuntusu;
6. Yüksək həyəcanlılıq.

Sosial səbəblər – cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən – ölkəyə fərqlilik göstərir.
Ailə bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur. Naib Niftəliyevin sözlərinə görə, suisidlərin ilk təsnifatlarından biri fransız sosioloqu Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu əsas götürərək, intiharın aşağıdakı formalarını ayırd etmişdir:
Eqoistik intihar – öz sosial qrupu ilə vəhdət hissini itirmiş və ona görə də ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir.
Anomik intihar – sosial və siyasi dəyişikliklər dövründə dövründə cəmiyyətlə sosial inteqrasiyası pozulmuş şəxslərdə təsadüf edilir. Sosial və iqtisadi böhranlarda cəmiyyət içində intihar faizi yüksəlir.
Alturistik intihar – öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edir.
Bundan əlavə, insanın həyatla hesablaşması məqsədi daşıyan sadə intihar, özünə qəsd edərkən yaxınlarını da özü ilə aparmaq tendesiyalı şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti), eyni zamanda birgə intihar etmək üçün razılığa gəlmiş qruplarda təsadüf edilən kollektiv intihar (belə hallar dini təriqət nümayəndələrində və psixiatriya xəstəxanalarının pasiyentlərində rast gəlinir) növləri ayırd edilir.

Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırırmış…


Psixoloji səbəblər. Şəxsi yaxınlıq da intihar ehtimalını artırır.
Bioloji yaxınlıq. Beyindəki serotonin maddəsindəki azalma intihar ehtimalını artırır.
Ailəvi yaxınlıq. Ailədə intihar edən qan bağı olan yaxının olması insanlarda intihar etmə ehtimalını artırır.
Fiziki xəstəliklər. Xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalını normal insana görə daha çoxdur.

Naib Niftəliyev bildirir ki, intiharı şərtləndirən risk amillərinə aşağıdaklar aid edilə bilər:


1. Ailəvi risk faktorları (parçalanmış ailələr, istismar, ünsiyyət pozuntuları – düzgün münasibət qura bilməmək);
2. İntihar düşüncələri və keçmiş cəhd;
3. Stressli həyati hadisələr (ayrılıq, itki, travmatik yaşantılar);
4. Anlaşmazlıq, ixtilaf;
5. Uğursuzluq;
6. Ailədə və yaxud yaxın əhatədə intihar cəhdlərinin olması.

İntihar meylinə qalib gəlmək üçün nə etməli?


Psixoloq qeyd edir ki, intihar ehtimalı qiymətləndirilərkən davranışla əlaqədar göstəricilərə də xüsusi diqqət yetirilməlidir. Bu, intihar cəhdinin qarşısının alınmasında müsbət rol oynaya bilər. Həmsöhbətimizin fikrincə, bu göstəricilər aşağıdakılardır:

1. Psixi pozğunluq əlamətlərinin olması;
2. Ölüm riski olan dərmanlardan kiçik dozada istifadə;
3. Son altı həftə içində ünsiyyətdən çəkinmə, özünəqapanma;
4. Cinsi həyatla maraqlanmama;
5. İctimai təsirlərdən uzaq durma;
6. Sevdiyi əşyaları dost-tanışa paylama;
7. Tez-tez ölümdən söhbət etmə.

Psixoloq xatırladır ki, intihar riski dəyərləndirilərkən emosional amillər, intiharla bağlı hisslər
– dərin kədər və ümidsilik, nifrət, peşmançılıq, təhrikedici davranışlar diqqətdən yayınmamalıdır. Naib Niftəliyev intihar riskini azaldan qoruyucu amillər kimi, bir sıra məqamları önə çəkir:

1. Çətinliklərin öhdəsindən gəlmə bacarığının inkişaf etdirilməsi, dəstəklənməsi;
2. Problemi həll edə bilmə bacarığının üzə çıxarılması;
3. Yaşamaq səbəblərinin tam dərk edilməsinə yönəltmək (öz məsuliyyətlərinin fərqinə varma);
4. İdman və ictimai fəaliyyətlərdə iştirak;
5. Uşaq və ya gənc intihar etməkdən çəkinirsə, yaxınlarının, doğmalarının, digər insanların fikrini nəzərə alırsa, dini-əxlaqi maneələri düşünürsə, bunların fərqinə varması dəstəklənərək də ona kömək oluna bilər.

Psixoloq belə bir məqama da diqqəti çəkir ki, insan müxtəlif səbəblərə və hisslərə görə intihar edə bilər.
Günah, kin, qisas hissi keçirə bilər, ona ədalətsiz yanaşılar, özünü təhqir olunmuş hiss edər: “Əgər normal, tam sağlam bir insan özünü öldürürsə, intiharın səbəbini daha çox onu buna yönəldən şəxslərdə və amillərdə axtarmaq lazımdır. Heç kim elə-belə intihar etmir”.

Sevinc Fədai

SaDəCə_SəN | 20 noyabr 2016 23:42 | Status: VİP user | Şərh: 226
Sitat: TATLI GUZEL
Hovseklem catmadi.Tesekkurler

aynen cox uzun oldu
ESMERRi | 7 mart 2016 18:46 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Miraj
intahar cixis yolu deyil
Miraj | 4 noyabr 2014 14:19 | Status: Professional user | Şərh: 2 625
intahar cixis yolu deyil
Nigar | 4 fevral 2014 21:19 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler....................
Sabahım. | 21 fevral 2013 19:43 | Status: Professional user | Şərh: 3 359
ALLAHIN BEYENMEDIYI SEYDIR,,INTIHAR EDENIN YERI CEHENNEMDIR..
azeri_oglu | 16 sentyabr 2012 21:49 | Status: Gümüş user | Şərh: 2 243
intihar etmekde de gerek tutarli sebeb olsun
TATLI GUZEL | 24 avqust 2012 11:44 | Status: Professional user | Şərh: 5 781
Hovseklem catmadi.Tesekkurler